Cəmiyyət 26 Yanvar 2023, 14:00 | Baxış sayı: 153
“Kimsə Azərbaycandakı seçki sisteminə kölgə sala bilməz”

“Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə xaos, anarxiya və özbaşınalıq hökm sürürdü. Xatırlayırsınızsa, 1991-1993-cü illərdə hakimiyyəti zorla ələ keçirmək üçün cəhdlər edilirdi. 1993-cü ilin oktyabrında ümummilli liderimiz Heydər Əliyevin prezident seçilməsi ilə ilk dəfə olaraq legitim yolla siyasi hakimiyyətə yiyələnmək ənənəsi qoyuldu. Bundan sonra demokratik prinsiplərin, ənənələrin inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən mühüm addımlar atıldı. 2003-cü ildən bugünədək cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə demokratik ənənələr daha da inkişaf etdirildi, seçkilərdə şəffaflığın təmin edilməsi ən yüksək səviyyəyə çatdırıldı. Ölkədə Prezident, parlament və bələdiyyə seçkiləri açıq, şəffaf keçirilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

C.Osmanovun sözlərinə görə, demokratik seçkilər yolu ilə formalaşan VI çağırış Milli Məclisin deputatları Azərbaycanın haqq sözünü, yeni reallıqların dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif beynəlxalq təşkilatlarda uğurla iştirak edirlər: “Millət vəkilləri, eyni zamanda qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görürlər, digər tərəfdən seçicilərlə mütəmadi olaraq görüşlər keçirirlər, onların problemlərini dinləyirlər, həlli üçün mühüm addımlar atırlar. Bir sözlə, ölkəmizin qarşısında duran hədəflərə çatmaq üçün işlər görülməkdədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, kimsə Azərbaycandakı seçki sisteminə kölgə sala bilməz. Əminliklə bildirirəm ki, seçkilər xalqın iradəsini əks etdirir”.

Xəbərlər