Cəmiyyət 26 Avqust 2022, 14:38 | Baxış sayı: 155
"Kimin bu il zamanı olacaqsa, səhhəti imkan verəcəksə, müqaviləni yenidən bağlayacaq".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov əmək müqaviləsinin vaxtı bitdiyinə görə Bakı Dövlət Universitetindən xaric edilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

 

Deputat açıqlamasında deyib ki, BDU-da bir qrup müəllimin əmək müqaviləsinin vaxtı bitdiyinə görə işinə xitam verilməsi hüquqi cəhətdən əsaslı və hər il təkrarlanan sıradan rutin məsələdir: “Baxsanız, siyahıda tam ştatda olan müəllim yoxdur, hamısı saat hesabı, yaxud əvəzçiliklə kənar mütəxəssis kimi işləyənlərdir. Böyük əksəriyyət isə adətən ictimai əsaslarla çalışır. Belə olan halda, əmək müqavilələri adətən 1 illik bağlanır və hər il yenilənir. Mən artıq 10 ildir BDU-nun müəllimi və dosentiyəm, təcrübəmdə bu proses həmişə belə olub, bundan sonra da, hesab edirəm, belə davam etməsi lazımdır”.

 

Deputat bildirib ki, BDU-nun qapıları hər zaman yaxşı mütəxəssislər üçün açıqdır: “Siyahıda olanlar da öz sahəsində tanınan, nüfuzlu mütəxəssislərdir. İndi kimin bu il zamanı olacaqsa, səhhəti imkan verəcəksə, müqaviləni yenidən bağlayacaq, kimin zaman və sair məhdudiyyəti varsa, yeni müqavilə imzalamayacaq, yəni bu qədər sadə. Bunu başqa formada təqdim edib yaymaq savadsızlıqdır. İnformasiya əsrində adi, hər il təkrarlanan sıradan, hüquqi bir proseduru mahiyyətini anlamadan sensassiyaya çevirmək və belə savadsız formada təqdim etməklə  medianı gülüş hədəfinə çevirmək olmaz”.

Xəbərlər