Cəmiyyət 26 Noyabr 2021, 12:54 | Baxış sayı: 201
"Kim qabağa düşdü, kimin “yuxarıda” adamı var, ona da fəxri adlar verilir".

Bir neçə gün əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında fəxri adların verilməsi ilə bağlı meyarların hazırlandığını demişdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa isə fəxri adların ümumiyyətlə ləğvinə tərəfdar olduğunu vurğulayıb.
Millət vəkili Modern.az-a açıqlamasında deyib ki, kimin məmur dəstəkçisi varsa, nə vaxtsa fəxri ad alacaq:

“Bizdə heç bir meyar nəzərə alınmır. Kim qabağa düşdü, kimin “yuxarıda” adamı var, ona da fəxri adlar verilir. İstənilən adam, çilingər belə “Xalq artisti” adı ala bilər. Bu sahədə bir xaos var, fəxri ad almaq ən özbaşınalıq olan məsələlərdən biridir. Kimsə televizora 5 dəfə çıxdı, ona ad verilir, ancaq uzun illərdir sənətdə olan, təvazökar fəaliyyət göstərənə əhəmiyyət verilmir.
Məmur dəstəkçisi olan varsa, o, fəxri ad alacaq. Bu məsələdə bir çox hallarda ölkə rəhbərliyini aldadırlar. Bəzən yuxardakı məmurların belə xəbəri olmadan düzgün təqdimat vermirlər.
Məsələn, Süleyman Abdullayev kimi nəhəng sənətkarın 90-a yaxın yaşı var, Nuriyyə Hüseynova illərin sənət adamıdır, ancaq heç biri fəxri ada layiq görülməyib. Flora Kərimovaya, Alim Qasımova ad verilməsinə nə ehtiyac var. Adla heç nə həll olunmur, bunu anlasaq, hər şey düzələr. Bu bir xəstlikdir ki, Azərbaycan cəmiyyətinin canına daraşıb. Fəxri ad olandan sonra hamı umur, olmasa ummazlar.

Qeyd edim ki, layiq olanlara da fəxri adlar verilir.
Ümumiyyətlə, fəxri adların verilməsi narahatedici məsələdi, cəmiyyətdə yersiz intriqalara səbəb olur”.

Xəbərlər