"Kasıb, bir tikə çörəyə möhtac insanların kartlarının vəzifə sahibi olanların ciblərində yığılıb qaldığının da şahidi oluruq".
“Bu dəyişikliklər sosial narazılıqların artmasına səbəb olmamalıdır. Bu, çox həssas məsələdir, son dərəcə ciddi məsuliyyətlə yanaşılmalıdır. 44 günlük Vətən müharibəsindən yüksək əhval ruhiyyə ilə çıxmış xalqı narazı salmaq, cəmiyyətdə narazılıq dalğasını gücləndirmək yolverilməzdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, birinci oxunuşda deputatların səsləndirdiyi fikirlərin heç biri nəzərə alınmayıb: “Ölkədə ən mübahisəli, xalqı narazı salan sahələrdən biri sosial yardımların paylanma məsələsidir. Bununla bağlı nələr baş verir, yaxşı bilirik. Kasıb, bir tikə çörəyə möhtac insanların kartlarının vəzifə sahibi olanların ciblərində yığılıb qaldığının da şahidi oluruq. Mən bilmirəm bizim vətəndaşlarımız bundan udacaq, ya uduzacaq. Elə deyilir ki, qanun beynəlxalq standartlara yaxınlaşdırır. Amma vətəndaşlarda bunun narazılıq yaradıb-yaratmayacağını bilmirəm, bu qanunun lehinə səs vermək çətindir. Bu məsələdə biz istəsək də, istəməsək də, insanlarda bir narazılıq yaranacaq. Çünki uzun illər eyni sistemlə pensiya almış insanlar yeni sistemlə qarşılaşacaq. ƏƏSMN gəlib bu dəyişikliklərə aydınlıq gətirməlidir. Bu dəyişikliklərin nə qədər insanı əhatə etdiyi deyilməlidir. Televiziyalar vasitəsilə camaata dəyişikliyin mahiyyəti çatdırılmalıdır. Bu cür qanunlar qəbul edilərkən Azərbaycanın vəziyyəti nəzərə alınmalıdır. Beynəlxalq standart adı ilə əhalini narazı salmaq olmaz, indiki məqamda ümumiyyətlə olmaz. İndiki mərhələdə təqaüdlərin müəyyənləşməsində obyektivlik tətbiq etmək mümkündür. Amma bu, son dərəcə həssaslıqla olmalıdır. Qanundan sonrakı nəticələr, faiz məsələsinin nə olması, hansı qurumlar tərəfindən ediləcəyi aydın olmayana qədər mən bu qanuna səs verə bilmərəm”.
Deputat Aydın Hüseynov isə bildirib ki, hərbçilərin əlilliyi təyin olunarkən vəsaitlərin onların əlil olduğu gündən, yoxsa əlilliklə bağlı sənəd veriləndən sonra pensiya veriləcəyinə aydınlıq gətirilməlidir.
Deputat bildirib ki, bu məsələ olduqca həssasdır: “Yaxşı olar ki, bu məsələyə aydınlıq gətirilərdi”.