Siyasət 22 Sentyabr 2023, 15:36 | Baxış sayı: 186
“Kardaşyanların himayəsindəki siyasətçilərin mövqeyindən asılı olmayaraq məsələ bitdi"

“Hər birimiz böyük diqqətlə BMT Təhlükəsizlik Şurasının Azərbycanla bağlı dinləmələrini izlədik. Bu dinləmələrin gedişi, nəticəsi bizim üçün çox önəmli idi”.

Bunu deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, toplantının sonunda heç bir sənədin qəbul olunmaması üçün kifayət qədər əsas var idi: “Bunun üçün ciddi arqumentlərimiz, ümidlərimiz vardı. Çünki dünya bir Fransa və erməni diasporundan ibarət deyil. Həm də BMT Təhlükəsizlik Şurasının ədalətinə az-çox ümid edirdik. Müzakirələrin gedişini mətbuatdan izlədik. Hətta əvvəlkilərdən fərqli olaraq, Fransanın belə nisbətən yumşaq mövqeyinin şahidi olduq”.

Deputatın fikrincə, BMT Baş katibinin köməkçisinin mövqeyi çox ədalətli olub ki, bu da çox böyük əhəmiyyət daşıyırdı.

“Digər ölkələrin nümayəndələrinin də çıxışları çox aqressiv deyildi. Müəyyən balans gözlənilməyə çalışılırdı. Doğrudur, balans gözlənilsə də, həqiqət olduğu kimi deyilmirdi. Çünki BMT-nin daimi üzvlərinin əksəriyyəti orada həqiqəti demək üçün oturmayıblar. Onlar orada bu platformadan öz məqsədləri, geosiyasi maraqlarının xeyrinə istifadə etmək üçün oturublar. Buna baxmayaraq, dinləmələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun arqumentlərə söykənən kifayət qədər səviyyəli, cəsarətli çıxışı diqqət cəlb edirdi. Ceyhun Bayramov Azərbaycan dövlətinin haqlı, ədalətli mövqeyini ortaya qoydu, Ermənistanı bir daha ifşa etdi. Hətta bu cür dinləmələrin BMT-nin Nizamnaməsinə zidd olduğunu önə çəkdi. Nazir Təhlükəsizlik Şurasının üzvlərini dolayısı yolla erməni kaprizləri ilə oynamağa son qoymağa çağırdı. Bu, həm də Azərbaycan dövlətinin gücünün nümayişi, ölkə Prezidentinin beynəlxalq səviyyədə nüfuzunun ifadəsi idi”, - o əlavə edib.

Fəzail Ağamalı xatırladıb ki, bunun qarşılığında Ermənistan tərəfi heç nə deyə bilməyib: “Bircə onu dedilər ki, hərbi əməliyyat zamanı xeyli ölən, yaralanan var.

Növbəti dəfə Azərbaycan dövləti, diplomatiyası, xarici siyasəti Ermənistan üzərində çox ciddi qələbəni təmin etdi.

Bizim üçün vacib şərt Azərbaycanın daxilində ərazi bütövlüyünü təmin etmək idi. Bunu 44 günlük müharibədə təmin etdik. Ölkə Prezidentinin yüksək peşəkarlığı və ali diplomat kimi ortaya qoyduğu iradə qələbəmizi beynəlxalq səviyyədə qəbul etdirə bildi. Ayrı-ayrı dövlətlərin fərqli yanaşmasından asılı olmayaraq, Azərbaycanın Qarabağda suverenliyinin bütövlükdə təmin olunması, quldur dəstələrinin, Ermənistanın 10 minlik silahlı qüvvələrinin darmadağın edilməsi, beynəlxalq səviyyədə, xüsusilə BMT TŞ-də qələbəmizin, atmış olduğumuz addımların haqlı və ədalətli olmasının təsdiqlənməsi çox önəmli idi. Bundan sonra ayrı-ayrı dövlətlərin, xarici işlər nazirlərinin, erməninin pulu, Kardaşyan kimi qadınlarının himayəsində olan siyasətçilərinin nə deməsindən, Azərbaycana qarşı absurd mövqedə durmasından asılı olmayaraq, məsələ bitdi. Çox yüksək peşəkarlıqla 24 saatda həyata keçirilən antiterror əməliyyatının BMT TŞ səviyyəsində təsdiq olunması artıq məsələnin həm de-fakto, həm də de-yure həllinin ifadəsi kimi qəbul edilməlidir.

20 sentyabr günü 10 noyabr kimi millətimizin şərəfli tarixinə həkk olundu. Artıq bundan sonra Azərbaycanın qəhrəman polisləri, Daxili Qoşunlarımızın, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında böyük fədakarlıq göstərən Dövlət Təhlükəsizliyi Xidmətinin igid əməkdaşları kol dibində, daş arxasında, meşədə gizlənərək, terror törətməyə çalışanları məhv edəcək, onları bir-bir “dən”ləyəcək. Qarabağda, Şərqi Zəngəzurda bütövlkdə Azərbaycanda şeytan, iblis yuvasına biryolluq son qoyacağıq. Bu prosesin artıq geriyə dönüşü yoxdur".

tns.az

Xəbərlər