"IV İslam Həmrəyliyi Oyunları nəticə etibarı ilə müsəlman aləmində birliyin və həmrəyliyin təmin edilməsi məqsədinə xidmət edir".
"Avqust ayının 9-da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşdülər. Bu görüşün ardınca cənab Prezidentin və birinci xanımın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərinə səfəri başlayıb. Bu səfər qeyd etdiyimiz idman oyunlarında Azərbaycanın iştirakı ilə bağlıdır. Cənab İlham Əliyevin V İslam Həmrəkliy Oyunlarında iştirak edən idmançılarımızla görüşünün çox böyük mənası və əhəmiyyəti var. Onlar Azərbaycan Prezidentindən xeyir-dua aldılar. Cənab Prezident idmançılarımızın qazandığı böyük nailiyyətlərə diqqəti cəlb etdi. Xüsusilə vurğulandı ki, 2017-ci ilin may ayının 12-22-si tarixlərində ölkəmiz sayca 4-cü İslam Həmrəyliyi Oyununlarına ev sahibliyi edib, həmin oyunlarda idmançılarımız çox böyük qələbə ilə adlarını tarixə yazıblar".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat xatırladıb ki, IV İslam Həmrəyliyi Oyunlarında 54 müsəlman ölkəsindən 3000-dən artıq idmançı iştirak edib: "21 idman növü üzrə yarışlar keçirilirdi. Azərbaycan idmançıları da bu yarışlarda 54 ölkə arasında 1-ci yerə layiq görüldülər, 75 qızıl medal əldə etdilər. Bundan əlavə, 50 gümüş, 37 bürünc medala sahib oldular. Cənab Prezident əldə edilmiş nəticələri çox yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan idmançılarının çox böyük potensialı var. Onlar V İslam Həmrəyliyi Oyunlarına IV İslam Həmrəylik Oyunlarının qalibi kimi gedirlər, yəni favoritdirlər. IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl medal qazanmaq 75 dəfə Azərbaycan himninin səslənməsi deməkdir. İdmançılarımız bütövlükdə bu oyunlarda 162 medal qazanıblar. Bu, o deməkdir ki, 162 dəfə Azərbaycan bayrağı yüksəlib. Təbii ki, bu tarixi nailiyyətdir. Azərbaycan idmançıları sözün həqiqi mənasında güclü olduqlarını və ölkələrinə, dövlətlərinə, xalqlarına layiq idmançı kimi tarixi uğurlarına imza atdıqlarını göstərdilər. Bu, idman aləmində böyük uğur deməkdir. Nəzərə alsaq ki, müsəlman dünyasını təmsil edən çox nəhəng dövlətlər var. Onların arasında Azərbaycan idmançılarının 1-ci yer tutması mühüm idman hadisəsidir. Azərbaycan paytaxtında keçirilən IV İslam Həmrəyliyi Oyunları nəticə etibarı ilə müsəlman aləmində birliyin və həmrəyliyin təmin edilməsi məqsədinə xidmət edir. Bu baxımdan çox böyük siyasi mənası və çəkisi var idi. Bu nəticələrlə Azərbaycan idmançıları Konyada keçirilən sayca V İslam Həmrəylik Oyunlarına qələbə əzmi ilə gedirlər. Cənab Prezident onlara inamını belə ifadə etdi: "İnanırıq ki, Bakıda keçirilən İslam Həmrəkliyi Oyunlarında qazanılmış böyük tarixi qələbəni Konyadada təkrar edəcəyik və Azərbaycan idmançılarını, ictimaiyyətimizi sevindirəcəyik"".