KOMİTƏ İCLASLARI, Qanun Layihələri 12 Noyabr 2021, 12:42 | Baxış sayı: 318
"İTS-nin xidmətlər zərfində bu gün 2500-dən çox xidmət var, ancaq bir çox xəstəlik üzrə xəstələr uzun müddət növbə gözləyir".

“Səhiyyə xərcləri son 5 ildə 2,5 dəfə artıb”.

APA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, növbəti ildə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən yüksək xərcidir: “Ölkəmizdə icbari tibbi sığortanın həyata keçirilməsinə mane olan əsas faktor dünyada baş verən pandemiyadır. Buna baxmayaraq, bu sahədə kifayət qədər uğurlarımız olub”.

Komitə sədri qeyd edib ki, icbari tibbi sığortanın həyata keçirilməsi üçün səhiyyə üzrə dövlət proqramları icbari tibbi sığorta ilə əhatə olunmalıdır: “Çünki dövlət büdcəsindən ayrılan vəsait də o zaman icbari tibbi sığortaya keçəcək. Bu iş başlayıb və bunu davam etdirmək lazımdır. Bizi narahat edən digər məsələ odur ki, icbari tibbi sığortanın xidmətlər zərfində bu gün 2500-dən çox xidmət var, ancaq bir çox xəstəlik üzrə xəstələr uzun müddət növbə gözləyir. Əgər bu maliyyə çatışmazlığı ilə bağlıdırsa, xahiş edirəm bunu da nəzərə alasınız”.

Ə. Əmiraslanov bildirib ki, elə klinikalar var ki, orada bəzi tibbi avadanlıqlar ya dayanıb, ya dayanmaq üzrədir: “Bu növbəti ildə nəzərə alınsa, yaxşı olar. Eyni zamanda tibbi tədqiqatlara ayrılan vəsait artırılsa, yaxşı olar. Tbb sahəsində elmi tədqiqatlara daha çox vəsait ayrılmasını nəzərdə tutmaq lazımdır”.

 

Deputat apteklərdəki dərmanların keyfiyyət və qiymətinin əhalidə narahatlıq doğurduğunu da qeyd edib: “Bu gün dərmanlarla bağlı problem bütün əhalini narahat edir”.

"Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır. Digər tərəfdən, bu gün dünyada onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir dərman vəsaitləri tətbiq edilir. Bu dərmanlar bu gün onkoloji xəstələrə hava su kimi lazımdır. O dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək mümkün deyil. Həmin dərmanlar çox bahadır. Bu gün o dərman preparatlarından bir doza belə Azərbaycanda alınmır. Kimsə gətirirsə də, öz vəsaiti hesabına gətirir”.

Xəbərlər