"İstənilən vəzifədən bir an içində asanlıqla istefa verərəm, amma heç vaxt sınmaram"
“Ad günümdə məni yaxınlar, qohumlar təbrik etdi. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri hörmətli Zahid Oruc status paylaşmışdı, yüksək qiymət vermişdi. Deputatlar da bilib, təbrik etdilər. Adımı daşıyan nəvəm Tahir nitq söylədi ki, babam, həmişə sənin adına layiq nəvə olacağam, çalışacağam, Tahir Kərimli adını doğruldum”.
Bu sözləri açıqlamasında ötən gün 68 yaşını qeyd edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Bizim arzularımız sonsuzdur. 22 yaşımda “Mənim kredom” əsərini yazmışdım. Əsərdə öz istəklərimi ifadə etmişdim. O zamanlar kommunizm nəzəriyyəsinə inanırdım. Deyirdim ki, dəllallar dili parçalayır, kommunist kitabını pozurlar. Ürəyimdə əsl ədalətli cəmiyyət quruculuğu, vahid Azərbaycan idealı var idi. Əlbəttə, demokratik, hüquqi dövlət, təmiz cəmiyyət qurmaq həmişə istəyim olub. Ömür boyu bununla mübarizə aparmışam. Təvazökarlıqdan kənar olsa da, demək olar, Azərbaycanda rayon rəhbərləri, hakim, prokuror, rəis və digər vəzifəlilər içində yeganə adamam ki, birbaşa Xalq Cəbhəsinin üzvü, təəssübkeşi, fəalı olmuşam. Azərbaycan tarixində yeganə hakim olmuşam ki, eyni zamanda Ali Sovetin deputatı seçilmişəm. Bu, xalqın mənə verdiyi qiymətdir. Buna görə sonsuz minnətdaram. Həmişə ürəyimdə o ideallar var. İndi də Azərbaycanın bütövlüyü, müstəqilliyi naminə demokratik, ədalətli, korrupsiyadan uzaqlaşmış dövlət qurmaq arzum var. Mübarizəmi kəsmirəm. Dünyada mənim qəlbimi Vətənimdən, dövlətimdən, xalqımdan, haqq-ədalət istəyimdən kənar sala biləcək heç bir qüvvə yoxdur. Necə ki o zaman Ali Məhkəmənin sədri vəzifəsindən istefa verdim. İstənilən vəzifədən bir an içində asanlıqla istefa verərəm, amma heç vaxt sınmaram. Ölərəm, kiminsə qarşısında sınmaram. Haqqı deyirəm. İqtidar barədə də xoş söz deyirəmsə, onun haqqını deyirəm. Heç vaxt pisə “yaxşı”, yaxşıya “pis” demirəm. Bu yaşımda da, ömrüm boyu da bu arzumu həyata keçirmək istəyəcəm. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçicilərimin, xalqımın mənafeyini həmişə qoruyacaq, bunun üçün gücüm çatan qədər mübarizə aparacağam. Eyni zamanda Vəhdət Partiyasının sədriyəm. Partiyam mərkəzçi mövqedədir və onu da yaşatmalıyam. Xalqıma uğurlar arzulayıram. Gördüm ki, “TikTok”da bir xanım paylaşım edib, 17 mindən çox baxış olub, bəyəniblər, 500-dən çox şərh yazıblar. Hamısına minnətdaram. Sosial şəbəkələrdə haqqımda xoş, gözəl söz yazan hər kəsə təşəkkür edirəm. Çalışaram ki, xalqımın istəyini doğruldum”, - deputat bildirib.
pravda.az