Siyasət 31 May 2023, 13:20 | Baxış sayı: 180
“İsraillə yaxınlığımıza hansısa arxaik, feodal təfəkkürlü molla rejimi qısqanclıqla yanaşırsa, cəhənnəmə yanaşsın”

“İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycanda Nizami Gəncəvinin şeirindən sitat gətirməsi, bunun ən yüksək səviyyədə qarşılanması bir daha sübut edir ki, bizim dövlətlərimiz dostluq edə bilər. Bunun Azərbaycana düşmən mövqe, münasibət göstərən, Azərbaycanın düşmənlərinə hərtərəfli dəstək verən, Azərbaycan daxilində dünyəvi dövlət idarəetmə sistemini devirərək teokratik, İslam ənənələrinə zidd olan vəhşi rejim formalaşdırmaq istəyən İranı narahat edib-etmədiyi bizi qətiyyən narahat etməməli, maraqlandırmamalıdır. Azərbaycan artıq kifayət qədər oturuşmuş, müstəqil siyasət aparan, güclü orduya, dövlət idarəetmə sisteminə malik dövlətdir. Azərbaycan öz dostlarını özü seçir. Kim Azərbaycana dostluq əlini uzadırsa, biz o dostluq əlini ikiqat uzadırıq. Bizə kim bir addım atarsa, biz onu daha yüksək səviyyədə qarşılayarıq. İrandan fərqli olaraq İsrail bizə dostluq əlini uzatdı, siyasi, mənəvi dəstək verdi, ən müasir texnologiyalarla hesablanmış silahlarını da bizə satdı. Dəfələrlə dünya erməniliyinin, lobbi təşkilatlarının müraciət etmələrinə baxmayaraq, müharibə dövründə düşmənlərimizə o silahları satmaqdan imtina etdi. Dostlar ağır gündə bəlli olur...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, Ermənistana pulsuz silahlar verən, bütün iqtisadi, siyasi, mədəni, hərtərəfli mənəvi dəstək göstərən İrandan fərqli olaraq İsrail Azərbaycanın yanında olub: “Hansısa arxaik, feodal təfəkkürlü molla rejimi buna qısqanclıqla yanaşırsa, cəhənnəmə yanaşsın. Bu, bizi qətiyyən narahat etmir. Əksinə, biz İsraillə daha da yaxınlaşmalıyıq, İsrailin ən müasir, inkişaf etmiş texnologiyalarından istifadə etməliyik. Həm iqtisadiyyatımızda, həm elmi-texniki tərəqqidə, həm informasiya-kommunikasiya texnologiyaları sahəsində, eyni zamanda siyasi baxımdan, təhlükəsizliyimizin qorunmasında, yeni dünya nizamında İsrail kimi dövlətlə əməkdaşlıq bizə ancaq xeyir gətirə bilər. Hansısa kütbeyin molla rejimindən nə qədər çox aralı olsaq, o qədər yaxşıdır”.

 

N.Məhəməliyev vurğulayıb ki, İsrail Prezidentinin Azərbaycana səfəri, cənab Prezident İlham Əliyevin təbiri ilə desək, tarixi səfərdir və hər iki ölkənin bir-birinə yaxınlaşmasının, bir-birinə olan səmimi münasibətinin göstəricisidir: “İsraillə Azərbaycan arasında artıq formalaşmış dostluq, strateji müttəfiqlik münasibətləri, demək olar, tarixin ağır sınaqlarından çıxıb. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ probleminin həllində, 44 günlük müharibədə, ondan əvvəlki və sonrakı proseslərdə İsrail dövlətinin Azərbaycana olan səmimi dostluq münasibəti bir daha sübut etdi ki, İsrail və Azərbaycan xalqları dostluq edə bilər və edir. Bu əməkdaşlıqdan hər iki dövlətin xalqları ancaq xeyir, mənfəət əldə edə bilərlər. İsrail iqtisadi, siyasi, texnoloji baxımdan kifayət qədər inkişaf etmiş, hərbi gücə, güclü müdafiə sənayesi kompleksinə malik olan bir dövlətdir. Belə bir dövlətlə Azərbaycanın dostluq etməsi, təbii ki, bizim üçün çox faydalıdır. İsrailin terrorla mübarizədə kifayət qədər təcrübəsi var. Müstəqillik əldə etdiyimiz andan, daha əvvəldən də erməni terroru, faşizmi ilə rastlaşmış Azərbaycan dövləti olaraq bu barədə İsrailin təcrübəsindən yararlana bilərik”.

Xəbərlər