"İsrail səfirinin Azərbaycan, Təbrizin tarixi ilə maraqlanması niyə İranı qıcıqlandırmalıdır?"
“Ölkələr arasında hər hansı siyasi problemlər varsa, onlar bir-birinə nota ünvanlamaqla, diplomatik yollarla bu məsələlərə narazılıqlarını bildirirlər. Azərbaycandakı İsrail səfirinin Təbrizin tarixi haqqında kitabı oxuması ilə bağlı paylaşmında İran tərəfini qıcıqlandıracaq bir şey görmürəm".
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov İranın Azərbaycandakı səfiri Abbas Musəvinin israilli həmkarı Corc Diki təhdid etməsinə münasibət bildirərkən deyib.
"Hər bir səfir, hər bir şəxs dünya ölkələrinin, qonşu ölkələrin, eləcə də xalqların tarixini öyrənə bilər. Burada İsrail səfirinin nə günah var ki? İsrail səfirinin Azərbaycan, Təbrizin tarixi ilə maraqlanması niyə İranı qıcıqlandırmalıdır? O, siyasi motivdə hər hansı bir çağırış etməyib ki!.. Sadəcə olaraq tarixi, mədəniyyəti öyrənməklə bağlı öz fikirlərini ifadə edib" - deputat qeyd edib.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.
İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə onun bu tvitinə cavab verib.
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb.