"İsrail - Azərbaycan münasibətləri milli maraqlara arxalanır"
“İsrail Respublikasının Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və səfər zamanı qəbul olunan sənədlər, səsləndirilən fikirlər, ölkəmizin uğurlarının qeyd edilməsi iki ölkə arasında dostluğun və əməkdaşlığın genişləndirilməsinin nümunəsidir. İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmaqla ən mötəbər tədbirlərdə, beynəlxalq görüşlərdə Azərbaycanın haqlı - ədalətli mövqeyini dəstəkləmiş, xalqımıza qarşı dostluq münasibətlərini nümayiş etdirmişdir. 44 günlük müharibə zamanı da xalqımız bu münasibətin şahidi oldu və biz qardaş dövlətin diqqətini daim hiss etdik”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan - İsrail münasibətlərinin möhkəmləndirilməsinə böyük önəm verir: “Qardaş ölkədə Azərbaycan səfirliyinin açılması, İsrail Prezidentinin ölkəmizə səfəri bizi istəməyən bəzi qonşu dövlətlər tərəfindən narazılıqla qarşılansa da bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan bütün əlaqələrə, əməkdaşlığa özünün milli maraqları və təhlükəsizliyinin təmin edilməsi baxımından yanaşır. Ölkəmizin başçısı İlham Əliyev qeyd etmişdir ki, “iki dövlət arasında ticarət dövriyyəsinin 1,7 milyard dollara çatmasının özü mühüm göstəricisidir. Xüsusilə bir sıra sahələrdə iki dövlətin münasibətlərinin çox ciddi inkişaf əsasları vardır. Kənd təsərrüfatı sahəsində dövlətlərin münasibətləri inkişafa əsaslanır və önəmlidir. Müdafiə - sənayesi sahəsində əməkdaşlıq genişləndirilir və yüksək səviyyədədir. Turizm inkişafı üçün dövlətlərin potensialı genişdir və imkanlardan səmərəli istifadə edilməkdədir. Bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi hər iki dövlətin milli maraqlarına uyğundur və İsrail Prezidentinin səfəri zamanı bu əlaqələrin genişləndirilməsi üçün mühüm tədbirlərin görülməsi qərara alınıb”.