Cəmiyyət 9 Avqust 2022, 15:34 | Baxış sayı: 338
"İslamda insanların özünü döyməsi, şaxsey-vaxsey deməsi dini ənənəmizə ziddir və süni şəkildə ortaya atılıb".

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Gundem.az-ın suallarını cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, ötən gün Azərbaycanda Aşura mərasimi keçirildi. Siz hər zaman dini maarifləndirmə işlərinin gücləndirilməsinin tərəfdarı olmusuz və Aşura mərasimi ilə bağlı da öz baxışlarınız, yanaşmalarınız var. Bu mənada bu il keçirilən mərasimi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Vəziyyət müsbətə doğru dəyişib, yoxsa...

- Aşura mərasimilə bağlı Azərbaycanın hüquq mühafizə orqanları öz üzərinə düşən vəzifəni yerinə yetirdilər. Söhbət mərasimin təhlükəsizliyinin təmin edilməsindən gedir. Amma ideoloji iş yetərli səviyyədə deyil. Müəyyən problemlərin yaşandığını gördük. Ən böyük problemlərdən biri məktəblilərin bu mərasimdə iştirakıdır. Qadağa qoyulmasına baxmayaraq bəzi rayonlarda azyaşlıların mərasimlərə qatıldığını gördük. İnsanların hansı məzhəbə qulluq etməsi onların öz hüquqlarıdır, buna müdaxilə etmək olmaz. Amma hüquq başqalarının hüquqlarına zərbə vurmamalı, məhdudiyyət gətirməməlidir. Bu gün diqqətimi cəlb edən nüans Aşura mərasimlərində Azərbaycan bayrağının dalğalandırılması oldu. İslamın, xristianlığın, yəhudiliyin ayrıca bayrağı yoxdur. Ayrı-ayrı sülalənin bayrağının Azərbaycanda qaldırılması yanlışdır. Hansısa dövrdə kiminsə yaşıl, qırmızı, qara bayrağı olub. Bunu Azərbaycana gətirmək olmaz. İlk dəfə olaraq ölkəmizdə Aşura mərasimində Azərbaycan bayrağından istifadə olundu. Müəyyən din xadimlərinin müsbət davranışları prosesə öz təsirini göstərdi. Təəssüf ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə durum daha pisdir. Oradakılar milli ideologiyadan uzaqlaşıblar. Hətta keşişi belə prosesə cəlb edə bildilər. Yəqin ki, müəyyən dairələr onun kartına pul ödəyiblər. Mən istəyirəm ki, Borçalı ziyalıları bu məsələ ilə bağlı mövqe ortaya qoysunlar. Borçalıdakı mərasimdə balaca qızları görəndə nədənsə yadıma Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindəki balaca Zeynəb düşdü. İndi Borçalıda balaca Zeynəblər yetişir. Savadsız, cahil qızlardan vətənpərvər ana ola bilməz. Onlar ancaq militanlar yetişdirə bilərlər.  

 İslamda insanların özünü döyməsi, şaxsey-vaxsey deməsi dini ənənəmizə ziddir və süni şəkildə ortaya atılıb. Hətta Məhəmməd peyğəmbərin ailəsində yaşanan faciədən dolayı əzadarlıq olmayıb. İslam fəlsəfəsinə görə bu dünyada əzaba da, sevincə də nisbi yanaşmaq lazımdır. İslamın mahiyyətinə uyğun olmayan təzahürlər qalmaqdadır. Çalışmaq lazımdır ki, hansısa din, məzhəb adı altında başqa ölkələrin ideologiyaları daxil olmasın. Dini geyimlərimizə də diqqət etməliyik. Hansısa ölkəni yamsılayan, ona nökərçilik kimi başa düşülən geyimlərə son qoyulmalıdır. Milli geyimlərimizi gündəmə gətirməliyik. Bizim analarımız, nənələrimiz kəlağayıdan istifadə edərdilər və indi çadra taxan bəzi qadınlardan qat-qat namuslu, iffətliydilər. Yəni örtük hələ namus, iffət göstəricisi deyil. Bu yöndə biz təbliğat aparmalıyıq. Təkcə polisin gücü ilə prosesləri tənzimləmək olmaz. Yükü təkcə hüquq mühafizə orqanlarının üzərlərinə qoymaq olmaz. Digər bir məsələ təqlidçilikdir. Azərbaycanda xeyli sayda insan var ki, İranda, İraqda bir din xadiminin belə əsərlərini oxumayıb, tezisini belə bilmir, amma təqlid edir. Azərbaycanda din xadimlərini yetişdirmək lazımdır. 

Dünyəvi həyat yaşayan, prosesləri kənardan izləməklə kifayətlənən ziyalı kütləsi insanları maarifləndirmək əvəzinə, qaragüruha yaltaqlanmaq yolunu tutublar. Budur fəlakət. Doğruları söyləmək, dövləti dəstəkləmək lazımdır. Özünü demokrat sayan siyasi qüvvə sabah bu cahil dindar kütlə ilə hakimiyyətə gəlsə, hansı islahatı həyata keçirəcək? Cahil dindarlar ilk olaraq onları dəstəkləmiş “demokratlar”ın başlarını yaracaq, aradan götürəcəklər. Bunu anlamırlar? 

- Çoxları qeyd edir ki, imam Hüseynlə eyni millətdən olan ərəblər Aşuranı Azərbaycanda olduğu qədər təmtəraqla qeyd  etmirlər. Doğrudanmı, biz bu məsələdə də aşırı fəallıq göstəririk?

- Biz imam Hüseyn amilinə, İslama ərəb kontekstindən baxmamalıyıq. Bu, bir inancdır, ümumbəşəridir. Ərəbin içərisində də xristianlar var. Biz buna qisas dini kimi baxmırıq. Bir qrup insan isə buna əbədi qisas dini kimi yanaşır və bu düşüncə ilə yaşayırlar. Bizə də bunu təbliğ edirlər. Biz müsəlmanıq, həm də dünyəvi insanlarıq. Aşura günündə hansısa ərəbin toy etməsi, oynamasının kimə ziyanı var. Kərbəla hadisəsində qətl edilən də, qətlə yetirən də ərəblər, müsəlmanlar idi. Bu iç savaşı idi. Onların içərisində ən müdrik adamlardan biri imam Həsən idi. O, cəmiyyətin maraqları naminə Müaviyə ilə müqavilə bağladı. Mənim imam Həsənə xüsusi simpatiyam var. O, müsəlman tarixində sülhü bərqərar etmiş Peyğəmbər nəslinin ən böyük nümayəndəsi idi. Bəli, biz bəzən ifrata varırıq. Əslində bu da bizə kənardan sırınıb. Özünü döymək, baş yarmaq İslamda qadağan olunub. Məhəmməd peyğəmbər oğlu öləndə özünü döyüb? İndi bu özünü döyənləri göndərəsən İrana, İraqa ki, get orada yaşa, görüm gedəcəklərmi? Necə ki, Nuru Paşa Bakıya gələndə əzadarlıqda “əcəb bu gün dəmdə, olaydım Kərbəlada” deyən kişiləri yığıb İraqa göndərmək istədi, amma getmədilər. Nuru paşaya yalvardılar ki, qələt eləmişik, bizi İraqa göndərməyin. İndi də özlərini döyənlər həmin kişilərin nəticələri-kötücələridir. Hər kəsə nifrət püskürürlər, heç kəsi qəbul etmək istəmirlər. Amma Edissonun kəşf etdiyi elektrik lampalarından istifadə edirlər, çılçıraqlı məscidlərdə namaz qılırlar. 

- Azərbaycanda radikal şiələr burada elə kampaniya aparırlar ki, sanki onları sıxışdırırlar, təzyiq edirlər. Onların apardığı  kampaniya ilə Londondakı səfirliyimizə edilən hücum arasında bağlılıq görürsünüzmü? 

- Tamamilə əlaqəlidir. Bunlar bir mərkəzdən idarə olunurlar. 44 günlük müharibədə vətənini sevən azərbaycanlı nə gördü? Görmədik ki, bizə Türkiyə, Pakistan, İsrail kömək elədi. Harop-u müsəlman icad etmişdi? İşğalçı Ermənistanı kim dəstəkləyirdi? Bunu bilmirik? Bunu görməyən, bilməyən insan Azərbaycan dövlətini sevə bilərmi?  

- Bəziləri, onların içərisində tanınmışlar da var, 44 günlük Vətən Müharibəsindəki qələbəmizə məzhəbçi mövqedən yanaşırlar. Guya torpaqlarımızı “hüseynçilər” alıb və s. Bu cür yanaşmanı nə dərəcədə doğru saymaq olar? 

- 44 günlük Vətən müharibəsində o boyda qələbə qazanmışıq. Bəziləri onu kiçildib hansısa məzhəbin qələbəsi kimi təqdim edirlər. Həmin məzhəbin qələbəsiydisə, 30 il ərzində bunu edəydiz də... Yaxud da ermənilərə dəstək verən Hüseynçi Ayətullahlara, İran rəsmilərinə, din xadimlərinə etirazınızı bildirin. Bu prosesdə Azərbaycan ziyalılarının saxta sifətləri görünməyə başladı. Azərbaycan Ordusunun şanlı qələbəsinə dar məzhəb çərçivəsindən yanaşanları, hələ ona dəstək verənləri görəndə adamın ürəyi bulanır. Biz bu vətəni Azərbaycanı sevən insanların iradəsilə azad etmişik. Bu boyda qələbədən, həqiqətdən sonra insan nadanlığını davam etdirirsə, onun axırı nə olacaq? Belələridir də gedib divarlara Azərbaycan bayrağı əvəzinə, hansısa məzhəbin simvolunu çəkirlər. Bunların ləbbeyk elədiyi, dəstəklədiyi qüvvələr bu gün Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Niyə? Naxçıvanla Azərbaycan bir-birinə birləşməsin? Siz müsəlman deyilsiz? 44 günlük Vətən müharibəsində dinindən, cinsindən, dilindən asılı olmayaraq döyüşən hər bir kəs bizim canımız-ciyərimizdir. Azərbaycan bayrağı əvəzinə əlində başqa bir ölkənin, kənar qüvvənin bayrağını qaldıran istənilən şəxs Azərbaycana qarşıdır. Bu gün özünü ziyalı sayan şəxslər kənara çəkilib, baş verənləri izləməklə məşğuldur. Əslində Azərbaycanda hər kəs “Şuşanı Hüseynçilər azad edib” sözünü özünə təhqir hesab etməliydi. Bu ifadə Azərbaycan əsgərinin, türk əsgərinin haqqını yemək idi. Bu məsələlərdə həssas olmalıyıq. İmkan verməməliyik ki, dünyəvi dəyərlərimiz sıradan çıxsın.

Xəbərlər