Siyasət 3 May 2023, 17:27 | Baxış sayı: 109
“İraqda həbs edilən qadınların yaxınlarının dövlətdən tələb irəli sürməyə haqları yoxdur, Vətən indi yada düşüb?”

“Torpaqlarımız işğal altında olduğu dönəmdə təsir altına düşərək öz Vətənini qoyub, qeyri-qanuni şəkildə Suriyaya, İraqa İŞİD-ə qoşulmaq üçün gedənlər oldu. Onlar vətənimizi qorumaq əvəzinə, gedib başqa ölkələr üçün döyüşürdülər. Bəziləri, hətta muzdlu qaydada, pul qarşılığında gedirdilər. Azərbaycanın dövlət başçısının siyasətini dəstəkləmirdilər, gedib digər ölkələrin siyasətinə dəstək verirdilər. Ona görə də bu gün onların yaxınlarının aksiyada irəli sürdükləri tələblər heç də doğru deyil. Çünki onlar qeyri-qanuni şəkildə Azərbaycan sərhədlərini keçiblər. Başqa yollarla, bəziləri Türkiyədən, bəziləri İran yolu ilə İraqa gediblər. Ona görə də bu gün onların ölkəyə qaytarılmaları üçün ailələrinin, qohum-əqrəbalarının küçələrə tökülüşüb dövlətimizdən dəstək istəmələrini doğru saymıram”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

“Dörd-beş il əvvəl də bu məsələ qaldırılmışdı. Əlbəttə, dövlətimiz müraciətlər etdi, yol xərclərini ödəməklə bəzilərini Azərbaycana gətirdi. Lakin sayları çox olduğu üçün hələ də bu məsələ həllini tapmayıb. Çünki onlar İraqda, Suriyada vəziyyətləri yaxşı olan dönəmdə heç biri səsini çıxarmayıb. Üstündən neçə il keçib, indi vəziyyətləri pisləşəndə, ehtiyacları olanda Vətən, xalq, dövlət yada düşüb. Ona görə də onların belə tələb irəli sürməyə haqları yoxdur. Amma yenə də dövlət necə fikirləşərsə, elə də olacaq”, - C.Paşazadə bildirib.

Xəbərlər