Siyasət 25 Oktyabr 2022, 17:14 | Baxış sayı: 161
"İranın ermənipərəst mövqeyi erməni xalqına olan sevgisindən irəli gəlmir"

“Azərbaycan hər zaman bütün dövlətlərlə qonşuluq və qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanaraq münasibətlər qurub. Ermənistan-Azərbaycan münasibətləri isə başqa ölkələrin laqeyd və riyakar siyasətinin bəhrəsi olaraq bu həddə qədər gərgin olaraq qalıb. 2020-ci ildə 44 günlük müharibə nəticəsində bir çox dövlətlər artıq Azərbaycanın real gücünün fərqinə vardı. Son iki il ərzində dövlət başçısının mahir diplomatik həmlələri ilə demək olar ki beynəlxalq ictimai rəyə bu münaqişənin əsl mahiyyətini anlada bilmişik. Bu gün Azərbaycan və Ermənistan arasında müəyyən razılıqlar əldə olunur, bu hər cəhətdən regiona müsbət təsir edəcək amildir. Lakin İranın müdaxiləsi Ermənistanın mövqeyinə təsir etmə cəhdi maneə törədir. Qafanda İran konsulluğunun tələsik şəkildə açılması da Türkiyə-Azərbaycan birliyinə, Ermənistanın da bu iki dövlətlə yaxınlaşma ehtimalına olan narahatlığın nəticəsi idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

 

M.Cəfərov qeyd edib ki, İranın ermənipərəst mövqeyinin erməni xalqına olan sevgisindən deyil, məhz öz ticari məqsədlərindən irəli gəlir: “İran İslam dövləti olsa da, erməni terrorçularını dəstəkləməsi elə məhz dini dəyərlərə hörmətsizlik kimi qiymətləndirərdim. Çünki 30 il müddətində ermənilər Azərbaycana məxsus olan islam abidələrini, məscidləri təhqir edib, talayıb, dağıdıblar. Mən İranın bu mövqeyini heç də ədalətli görmürəm. İslam dəyərlərini bu qədər aliləşdirmiş bir dövlətin siyasi xəttinə uyğun olmayan münasibətlər nümayiş olunur. Ermənistan hakimiyyəti qərb yolunu, inkişaf yolunu tutubsa, heç bir dövlətin əlində oyuncağa çevrilməməlidir. İranın bu cür təşviqə düşməsinin səbəblərindən biri də Azərbaycanın regionda və dünyada gündən-günə artan nüfuzudur. İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdollahiyanın “Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik” fikri isə heç bir kontekstə sığmır. Ermənistan təhlükəsizliyinə təminat almaq istəyirsə, Azərbaycanla ortaq maraqlar əsasında əldə olunmuş razılıqdan qaçmamalıdır. Heç bir dövlət uzun müddət Ermənistanı himayə etməyəcək. Regionun təhlükəsizliyin, inkişaf və rifahında yeganə qarantı Azərbaycan dövlətidir”.

Xəbərlər