““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil"
““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, şiə-sünni məsələsini ortaya atmaq əslində insanları bir-birinə qarşı qoymaq, ziddiyyətləri kəskinləşdirməkdir. İnsan hüquqları qorunmalıdır. Dinindən, əqidəsindən, mövqeyindən asılı olmayaraq ölkə vətəndaşlarının hüquqları qorunmursa, onlar öldürülür, asılır, güllələnirsə, bu halda hansısa qruplaşmanı ortaya gətirmək, müəyyən şiə-sünni məsələsini ortaya atıb vəziyyəti daha da kəskinləşdirmək ölkəni faciəyə aparır. Düşünürəm, İran hakimiyyət orqanları, siyasətçiləri reallığı düzgün qiymətləndirməlidirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Bakıda feministlərin İran səfirliyi qarşısında keçirdikləri aksiya barədə danışarkən deyib.
Deputat bildirib ki, İranın hakimiyyət orqanları, siyasətçiləri Azərbaycanın da əleyhinə müəyyən fikirlər səsləndirirlər: “Guya Azərbaycanın İranda baş verənlərdə müəyyən maraqları var. Əsassız fikirlərdir. Əgər ölkə rəhbərliyi, hakim dairələri öz səlahiyyətlərindən, nüfuzlarından istifadə edib xalqa düzgün yol göstərə bilmirsə, bu xalq narazı halda onların əleyhinə aksiya keçirirsə, öz günahlarıdır. Burada heç bir kənar dairəni, başqa ölkələri günahlandırmaq düzgün deyil. Bir cavan qız hicabı düzgün taxmayıb, səhvə yol verib deyə onun öldürülməsi, yaxud öz haqlarını, hüquqlarını müdafiə etmək üçün səsini qaldıran insanların qətlə yetirilməsi, gülələlənməsi, əlbəttə ki, dövlətin faciəsidir. Hakimiyyətdə olanların səriştəsizlikləridir ki, bu gün İranda artıq bütün əyalətlərdə insanlar ayağa qalxıblar. Hakim dairələr, istər İran Prezidenti, istər din xadimləri və s. onlara düzgün yol göstərmək, istiqamət vermək, müəyyən güzəştlərə getmək əvəzinə deyirlər ki, daha ciddi tədbirlər görülməlidir. Nə üçün? İnsanlarla danışmaq, onların hüquqlarını başa salmaq, dinləmək lazımdır. Bundan sonra qərar vermək olar. Axı bu adamlar nədən ötrü küçələrə çıxıblar? Hansısa vətəndaşın öldürülməsindən ötrü, təzyiqlərə məruz qaldıqlarına görə”.
T.Rzayev deyib ki, İranın bu istiqamətdə də siyasəti düzgün deyil: “Baş verən hadisələr, sözsüz ki, İranın daxili işidir. Azərbaycanın, azərbaycanlıların bu məsələdə heç bir təsiri yoxdur. Biz öz münasibətimizi bildiririk ki, bu yol düzgün deyil. İran qonşu dövlətdir, istərdik ki, orada sakitlik olsun. İranda sabitliyin olması Azərbaycan üçün də faydalıdır. Çünki müəyyən sahələrdə İranla əməkdaşlığımız var. 35 milyon soydaşımız İranda yaşayır. Onların dincliyinin, rahatlığının bərpa olunması bizim üçün də xeyirdir. Çünki onlarla qan, əqidə qardaşlarıyıq. Ona görə də, bu gün İranın Azərbaycan barədə yürütdüyü siyasəti məqbul hesab etmirəm. İranın hakimiyyət orqanları da bu barədə düşünməlidirlər”.
Deputat vurğulayıb ki, insanlar azad, sərbəst olmalıdırlar, onları qılınc altında saxlamaq düzgün deyil: “Bu, yalnız bir-iki il davam edə bilər. İranda insan hüquqları, azadlığı tamamilə pozulur. Dünya artıq əvvəlki dünya deyil. İnsanları zor, güc, müəyyən din pərdəsi altında belə müti, acınacaqlı halda saxlamaq İranın gələcək faciəsdir. Ola bilsin ki, bu gün hadisələri sakitləşdirsinlər, amma orada yaşayan milyonlarla insanın azadlığını əllərindən almaq, qaranlıqda, çadra altında, zülmdə saxlamaq olmaz. İranın parlamenti müəyyən ölkələr haqqında qətnamələr qəbul edir. Eləcə də iranlı deputatlar Azərbaycan haqqında xoşagəlməz fikirlər söyləyirlər. Bunun əvəzinə deputatlar xalqın içinə keçsinlər, görsünlər xalq nə istəyir. Sonra gedib parlamentdə açıqlasınlar ki, xalqın tələbi budur. İranın hakim dairələri də tədbir görsünlər. Azərbaycan dövləti, xalqı heç vaxt müharibə, qan-qada, münaqişə arzusunda olmayıb. Xalqımız həmişə sülh istəyib. Biz istəyirik ki, qonşu dövlətlərin hamısında sülh yaşansın. İnsanlar sərbəst, müstəqil olsunlar, azad fikir söyləməyə, təkliflər verməyə qadir olsunlar”.