Siyasət 31 Mart 2023, 17:58 | Baxış sayı: 141
“İran tərəfindən səslənən hər bir ittihamın qarşılığı peşəkarcasına veriləcək”

“Azərbaycan Müdafiə Nazirliyi İranın bu bəyanatına çox mükəmməl və peşəkarcasına cavab verib”.
Bu sözləri Kommersant.az-a Azərbaycan Müdafiə Nazirliyinin İranla bağlı bəyanatını şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Arzu Nağıyev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə heç kim kölgə sala bilməz:

“Məlumdur ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusu və şəhadəti şərəf sayan Azərbaycan xalqının vəhdəti nəticəsində əldə olunub. Bu müharibədə təbii ki, bizi Türkiyə, Pakistan, İsrail və başqa bir neçə dost ölkə mənəvi olaraq dəstəkləyib. Onların dəstəyi əsasən mənəvi cəhətdən öz qardaşlıq, dostluq münasibətlərini bildirməkdən ibarət olub”.

Deputat bəyanatların belə verilməsində əsasən bir neçə problemin olduğunu vurğulayıb:

“Birincisi, ömürboyu İran və Azərbaycanda arasında 140 kilometrə yaxın ərazi olan sərhəd Qarabağ ərazisinə düşüb və burda da “boz zona” deyilən zona olub, istənilən qaçamal, istənilən narkotik trafiki kimi məsələlər məhz bu regionda həll olunub. Digər məsələ isə Azərbaycan heç kimlə razılaşmadan öz xarici siyasətini həyata keçirib və 30 illik işğala son qoyub. Üçüncü məsələ İran və Ermənistan arasında olan strateji tərəfdaşlıqdır. Dördüncü məsələ məhz bu templə, bu sürətlə işğaldan azad olunmuş ərazidə aparılan quruculuq işləridir. Eyni zamanda burda strateji əhəmiyyətli obyektlərdən də söhbət gedir. Bu heç cürə qarşı tərəfi razı sala bilmir, çünki bunlar belə düşünür ki, gələcəkdə həmin ərazilərdən bizə dost olan dövlətlər də istifadə edə bilər”.

Arzu Nağıyev vurğulayıb ki, İran tərfinin belə bəyanatlar verməsinə səbəb olan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır:

“Onlar düşünür ki, əgər bu dəhliz fəaliyyətə başlasa, regiona NATO qüvvələri gələ, burdan tək İran deyil, digər ölkələr də istifadə edə bilər”. Deputat düşünür ki, bu məsələdə siyasi, iqtisadi, mənəvi və mədəni məqamlar var. Eyni zamanda Azərbaycan Ordusunun itkisiz şəkildə əməliyyatlar keçirərək, strateji əhəmiyyətli yollara nəzarət etməsini həzm edə bilmirlər:

“Məlumdur ki, bunun sonu müharibə ilə nəticələnməyəcək, sadəcə olaraq belə bəyanatlar, belə açıqlamalarla davam etdiriləcək və İran tərəfindən səslənən hər bir ittihamın qarşılığı peşəkarcasına veriləcək. Hər hansı hərbi təlim, hərbi müdaxilə ilə bağlı təhdidlərə lazımu cavabları verilib və bundan sonra da veriləcək. Heç bir xalq bir-biri ilə düşmən deyil, xarici siyasətdə ümumi maraqlar var. Əgər İran bu gün Ermənistanı özünü starteji tərəfdaşı hesab edirsə və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına zərbə vurursa, o da düşünməlidir ki, regionda baş verən hər hansı bir qarşıdurmanın beynəlxalq səviyyədə əks sədası olacaq, ciddi qarşıdurmalara gətirib çıxaracaq. Buna görə də İran ciddi düşünməlidir”.

Qeyd edək ki, İran Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri Azərbaycanda guya sionist qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir.

Bu açıqlamaya Azərbaycan Müdafiə Nazirliyi cavab verərək bildirib ki, Azərbaycanda sionist qüvvələrin olması və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etməsi çirkin iftira və böhtandır. Generalın “İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcək” fikrinə isə nazirlik bildirib ki, İrəvan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlasa da, İran bir dəfə də olsun Ermənistana qarşı ittihamedici açıqlamalar verməyib. Nazirlik bəyanatda İranı terrorizmi dəstəkləyən dövlət adlandırıb.

Xəbərlər