Siyasət 28 Mart 2023, 12:33 | Baxış sayı: 117
“İran o dövlətlərdəndir ki, ondan hər cür məkr və yaramazlıq gözlənilir”

İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində növbəti hərbi təlimlər keçirmək cəhdi bu ölkənin düşmənçilik münasibətini davam etdirməsinin növbəti bariz nümunəsidir.

 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə bir neçə dəfə hərbi təlimlər keçirən, həmçinin hava sərhədlərimizi pozmağa cəhd edən İran ordusu bu dəfə də Naxçıvan istiqamətindən təhdidlərə başlayır.

Qeyd edək ki, hərbi təlimlərin anonsunu ilk dəfə SEPAH-a yaxın “Telegram” kanalı yayıb. Bildirilir ki, Qərbi Azərbaycan əyalətinin Naxçıvana yaxın Poldəşt şəhərinə 300-dən çox hərbi texnika, o cümlədən tanklar, eyni zamanda minə yaxın hərbçi yerləşdirilib. Günaz.TV-nin məlumatına görə, SEPAH quru qoşunlarının komandanı general Məhəmməd Xakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə səfər edib. Ondan əvvəl isə İran sərhəd qoşunlarının komandanı Əhməd Əli Qudərzi Xudafərin bölgəsinə səfər etmişdi.

Deputat Sahib Alıyev İranın növbəti təhdidinə reaksiyasında Musavat.com-a bildirib ki, bu, Tehranın mövqeyini açıq nümayiş etdirir: “Birincisi, bu təlimlər İranın Ermənistandan pis düşmən olduğunu və oradakı rejimin dinsizliyini artıq heç gizlətmək də istəmədiyini göstərir. Adına yepyekə bir “İslam” sözü yapışdıran biri müqəddəs Ramazan ayında müsəlmanların çoxluq təşkil etdiyi qonşusunun sərhədləri boyunca təlimlərə başlayır və hələ bu azmış kimi, bəzi rəsmləri onun torpaqlarını ələ keçirəcəklərindən dəm vurursa, bu, oradakı rejimin mahiyyətini bütün çılpaqlığıyla açıb göstərmirmi?” Təlimlərin davamında hansısa təxribatların olub-olmayacağına gəldikdə, S.Alıyevin sözlərinə görə, İran o dövlətlərdəndir ki, ondan hər cür məkr və yaramazlıq gözlənilir: “İndi də haylarla sinxron hərəkət etdiklər düşüncəsindəyəm. Və mümkündür ki, bu təlimlər haylara dəstək olmaqla yanaşı, onların Qərbdəki “böyük bacıları”yla gizli əməkdaşlıq nəticəsində meydana çıxıb”.

Xəbərlər