Siyasət 16 Noyabr 2022, 14:52 | Baxış sayı: 225
“İran daxilində Azərbaycana qarşı hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır”

“Təəssüf ki, İran Azərbaycana qarşı riyakar, qonşuluğa yaraşmayan siyasət yürüdür. Bu, İranın etibarsız qonuşu olduğunu bir daha sübut edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində digər ölkələrlə qarşılıqlı əməkdaşlıq, dostluq, inkişaf və tərəqqi yolunu seçmiş bir ölkədir. Vacib istiqamətlərdən biri məhz region ölkələri ilə münasibətləri daha sıx əlaqədə qurmaqdır. Əslində İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər tərəfdən təcavüzkar Ermənistana hər zaman dəstəyini nümayiş etdirib. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı qərəzli, riyakar və düşmənçilik siyasəti daha aşkar özünü büruzə verdi. Bu, göstərir ki, müstəqil Azərbaycanın güclü-qüvvətli olmasını İranın gözü götürmür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Qarabağ münaqişəsini tarixə qovuşdurandan sonra İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir: “Hətta Ermənistan sərhədinin pozulmasını özünün “qırmızı xətt”i kimi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Təəssüf ki, İslam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi İslamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla hakimiyyəti İslam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vuran hakimiyyətdir. Maraqlıdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoyduğu 30 il müddətində mahiyyətcə terrorçu bir ölkə işğalçılıq siyasəti yürütdükdə İran bir dəfə də olsun hərbi təlim keçirmədi. Amma indi açıq şəkildə təxribatlara əl atır, müharibədən sonra Azərbaycan sərhədinə qoşun yığır, “hərbi təlim” adı ilə Azərbaycana hədə-qorxu gəlir. Yaxın tarixə baxsaq, əslində görərik ki, İranın riyakarlıq və yalançılıq xətti təkcə Azərbaycana qarşı münasibətdə deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında riyakarlıq və yalançılıq yer tutur. Onlar məqsədyönlü və açıq təxribatlara davam edərək özünü İslam dövləti, müsəlman təəssübkeşi, Azərbaycanın mehriban qonşusu kimi təqdim etməyə çalışsa da, görürük ki, bunlar hamısı yalan ifadələrdir. Yaxın və Orta Şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir və elə təəssürat yaratmağa çalışırlar ki, guya qüdrətli İran dövləti İslam təəssübkeşidir. Əksinə, görürük ki, İraq, Suriya, Əfqanıstan, Bəhreyn, Yəmən, Livan, Fələstin həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıq isə budur ki, nə təsvir edilən formada hərbi qüdrəti var, nə də müsəlman təəssübkeşliyi. İran son 40 ildə qatıldığı heç bir müharibədə qalib gəlməyib. Bu, İranın uğursuz xarici siyasətinin və əsassız ambisiyalarının bariz göstəriciləridir. Onlar himayə etdikləri müsəlman ölkəsini heç bir halda xaosdan çıxara, sabitlik, əmin-amanlıq yarada bilməyiblər. Tam əksinə, sadaladığımız müsəlman ölkələrində münaqişələrin 30-40 illik tarixi var, uzun illərdir, dağıntılar, xaos davam edir”.

 

C.Osmanov deyib ki, İran Azərbaycanda cəsus şəbəkəsi formalaşdırmağa, din üzərindən siyasi təşkilatlanma həyata keçirərək, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmaqla müxtəlif terrorçu addımlar atmağa çalışıb: “Amma buna nail ola bilmirlər, çünki güclü Azərbaycanın ayıq-sayıq hüquq-mühafizə orqanları tərəfindən son günlər aparılan əməliyyatlarda da gördüyümüz kimi, hər biri ifşa edilir, zərərsizləşdirilir. Azərbaycan İranla münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşır. Təəssüf ki, İran bunu anlamaq niyyətində deyil. İranda 40 milyona yaxın azərbaycanlının olması müstəqil Azərbaycan dövlətinin mədəni və mənəvi dəyərlər baxımından bu ölkə ilə bağlılığı mövcuddur. İran isə orada yaşayan azərbaycanlıların haqlarını tanımır, onları hər zaman təqib edir, ana dilində təhsil almaqdan məhrum edir, ana dilində KİV-dən istifadəsinə qadağa qoyur. Fəalları hətta edam edirlər. İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçilərinin, generallarının, ayətullahlarının çıxış etməsi İran təxribatlarının ölkəmizə qarşı miqyasının göstəricisidir. İndiki zamanda İran daxilində belə adamlar vasitəsilə Azərbaycana qarşı hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində İran casusları tərəfindən iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi bir daha sübut edir ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Çünki Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli, qlobal təşəbbüslərlə çıxış edən Azərbaycanla hədə və təhdid dilində danışmaq kimsəyə, ələlxüsus da İrana fayda verməz. Çünki İran nəzərə almalıdır ki, bu gün onların hərbi birləşmələrinin daxilində mütləq əksəriyyəti azərbaycanlılar təşkil edir və Azərbaycan dövlətinə hər zaman sadiqdirlər”.

 

Deputat vurğulayıb ki, ölkəmiz bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə hər zaman hazırdır, qadirdir: “30 illik işğala, müsəlmanların torpaqlarından qovulmasına, məscidlərin, İslam ibadətgahlarının təhqir olunmasına, Xocalı soyqırımına səssiz qalan, göz yuman İranın Qafanda, Ermənistanın isə Təbrizdə Konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması heç vaxt vicdanlı və dürüst davranış hesab edilə bilməz. Bu gün Ermənistana qucaq açan, ona qardaşlıq və həmrəylik nümayiş etdirən İran Ermənistanla bərabər işğal dönəmində evlərə, mədəni-tarixi, dini abidələrə, sosial obyektlərə, təbii sərvətlərə ölçüyəgəlməz zərər vurub. Bu müddət ərzində ermənilərlə birgə talançılıqda İran birbaşa iştirak edib, materialların İran bazarında satışını təşkil ediblər. İran Ermənistanla birgə təbii qaz kəmərinin tikintisini həyata keçirib, 2007-ci ilin martın 19-da Ermənistana təbii qazın verilməsini təmin edib. İşğal dövründə Azərbaycanın tarixi torpaqlarında İran silah qaçaqmalçılığı ilə də məşğul olub, narkotik plantasiyaları salıb, Avropaya və dünyanın digər istiqamətlərinə qanunsuz narkotik trafiki üçün istifadə edib. Qərb mətbuatında da bu məsələyə xüsusi aydınlıq gətirilib. Bütün qeyri-leqal işlərdən bu gün məhrum olmuş İran elə bu səbəbdən də Azərbaycana xəyanət yolunu tutub. Vətən müharibəsindəki qələbəmizdən sonra cənab Prezident Xudafərini “dostluq körpüsü” adlandırdı, İran-Azərbaycan sərhədinin bərpa olunmasına görə təbrik etdi. Bu sərhədi “dostluq sərhədi” adlandırdı. Təəssüf ki, İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan sonra aqressiv ritorikasını daha da gücləndirdi, təhdid dolu bəyanatlar səsləndirməyə başladı. Onlar Bakını əsassız olaraq İsraillə əməkdaşlığına görə ittiham edirlər. Rəsmi Bakı İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal qonşuluq münasibətlərini hər zaman düşünüb. Amma rəsmi Tehran Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Tam əksinə, Azərbaycana qarşı qərəz nümayiş etdirib. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə görüşündə də xüsusilə vurğuladı ki, ölkəmizin hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının əksəriyyəti ana dilində təhsilalma imkanından məhrumdurlar. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dillərində təhsil almaları önəmli məsələdir. “Acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub-saxlamaları, Azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik” fikrinin cənab Prezident tərəfindən qeyd olunması soydaşlarımızın hüquqlarının İranın molla rejimi tərəfindən tapdanması deməkdir və bunun qarşısını almaq niyyəti daşıyır. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri İrandakı soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin qorunmasıdır. İranın öz xalqına qarşı tərəddüdsüz silah işlədən, mürtəcə molla rejimi oradakı bütün insanların haqlarını tapdalamaqdadır. Beynəlxalq qurumlar artıq bununla bağlı İrana ciddi təsirlər göstərməlidir. İran öz yanlışlarını anlamalıdır”.

Xəbərlər