Cəmiyyət 23 Dekabr 2021, 16:06 | Baxış sayı: 197
"İran Azərbaycanla münasibətlərində, əlaqələrində dostluq və qardaşlıq prinsiplərini gözləməyə çalışmalıdır".

“Bir müddət əvvəl, Azərbaycan və İran arasında müəyyən fikir ayrılıqları var idi. İran Azərbaycanla sərhəddə hətta hərbi təlim keçirmiş, dövlətimizə qarşı müəyyən ittihamlar səsləndirmişdi. Yəni, bir çox məsələlərdə müəyyən gərginliklər hiss edilirdi. Azərbaycan isə İrana qarşı mümkün qədər təmkinli və səbrli davranırdı. Sonrakı dövrdə isə iki ölkə rəhbəri İslam Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən sammitində görüşdülər və Prezident İlham Əliyev Azərbaycan-İran münasibətləri barədə fikirlərini bildirdi, İran tərəfinə Azərbaycanın məqsəd və məramları çatdırıldı. Hesab edirəm ki, bu dəfəki səfərdə əvvəl toxunulmuş müəyyən mövzular yenidən müzakirə edilə bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri barədə danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan bu görüş çərçivəsində də öz siyasi xəttini və yanaşmasını İran tərəfinə çatdıracaq: “İran Azərbaycanla münasibətlərində, əlaqələrində dostluq və qardaşlıq prinsiplərini gözləməyə çalışmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan da həmin prinsiplərə əməl edir. Fikrimcə, İran və Azərbaycanın tarixən qonşu ölkələr olması, onların yaxınlığı münasibətlərin indi də normal olmasına zəmin yaradır. Bu gün Azərbaycan regionda sülh və əmin-amanlıq görmək istəyir. Ona görə də Azərbaycan bütün dövlətlərlə “sıfır problem” siyasətini həyata keçirir. Yəni, heç bir dövlət ilə problem yaşamaq istəmirik, çünki bölgənin gələcəyi də bunu tələb edir. İnanıram ki, İran tərəfi Azərbaycanın haqlı mövqeyini nəzərə alacaq və iki ölkə arasındakı əlaqələr növbəti illərdə daha da inkişaf edəcək”.

Xəbərlər