"İran Azərbaycan xalqının gözündən bir müsəlman qonşu olaraq tam düşməmək istəyirsə…"
“Azərbaycan müstəqillik əldə etdiyi gündən terrorla mübarizə aparır. Torpaqlarımızın işğalı prosesində Ermənistan tərəfindən dövlət səviyyəsində terrordan istifadə olunub. İşğal altında olan torpaqlarımız erməni milliyyətindən olan və dünyanın dörd bir yanından qanunsuz yollarla Qarabağa axışan terrorçuların yuvasına çevrilib. Ölkəmizin müxtəlif yerlərində, əsasən də Bakıda törədilən terror aktlarının arxasında Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının durduğu sübuta yetirilib. 30 ilə yaxın müddətdə Xankəndidə aqressiv separatizmə və terrorizmə söykənən quldur rejim fəaliyyət göstərib”.
Ulusal.az xəbər verir ki,bu fikirləri Milli Məclisin yaz sessiyasının ilk günü, cari məsələlərə ayrılan vaxta çıxış edən deputat Elnur Allahverdiyev bildirib.
Millət vəkili çıxışında daha sonra qeyd edib:
“Ancaq son 2 ilin hadisələri göstərir ki, biz terrorizmin daha bir təzahürü ilə mübarizə aparmalıyıq.
Son 2 ildə dünyanın müxtəlif yerlərində diplomatik missiyalarımıza 5 hücum həyata keçirilib. Təəssüf ki, son belə bir hadisə – Tehranda səfirliyimizə edilən terrorçu hücum digər aksiyaları kölgədə qoyub. Hesab edirəm ki, Tehran səfirliyimizə edilmiş xain hücum uzun müddət stimullaşdırılıb və hazırlanıb. Bu terror aksiyasında İran dövlətinin birbaşa məsuliyyəti var. Çünki 2020-ci ilin Vətən müharibəsindəki qələbəmizdən sonra İran hakimiyyəti naməlum səbəblərdən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı aqressiv siyasi qarayaxma kampaniyası həyata keçirir, müsəlman qonşusu olan ölkəmizin həssas problemi olan erməni separatizminə aşkar siyasi, mənəvi və maddi dəstək verir, sərhədlərimizdə məhz bizə ünvanlanmış açıq mesaj xarakterli hərbi təlimlər keçirir. Bütün bunlar ilk növbədə İran əhalisinin Azərbaycana qarşı neqativ köklənməsinə xidmət edir və dolayı yolla səfirliyimizə basqın etmiş və keçmişi terrorizmlə bağlı olan şəxslər üçün stimul rolunu oynayır.
Bir neçə gündür bu barədə çox deyilib, bir daha təkrarlamaq istəyirəm ki, bir sıra amillər diplomatik nümayəndəliyimizə hücumun planlaşdırılmış aksiya olduğuna və İran hüquq-mühafizə orqanlarının bilərəkdən bu cinayətin qarşısını almadığına dəlalət edir. Hər şey göz qabağındadır və videokameralar vasitəsilə qeydə alınıb. Terrorçu səfirlik binasına bir deyil, bir neçə həmlə edir, bütün bunlar dəqiqələrlə vaxt alır, bir neçə diplomatik nümayəndəliyin yerləşdiyi küçədə baş verir və İran polisi gözə dəymir. Sonra isə yerli telekanallar terrorçudan sanki qəhrəmandır kimi müsahibələr alırlar. Biz İranın Bakıdakı səfirliyinə qarşı belə münasibət göstərmişikmi? Yaxud göstərərikmi? İran səfirliyi Bakıda belə qorunur? Azərbaycan təhlükəsiz, sabit, əmin-amanlığın hökm sürdüyü ölkədir. Bizdə İrandakı kimi heç kim xarici dövlətin diplomatik missiyasına hücum çəkməz!
Hesab edirəm ki, İran hüquq-mühafizə orqanları Azərbaycanlı həmkarları ilə birlikdə baş vermiş cinayəti əsaslı şəkildə araşdırmalıdır. Cinayətin üstü ört-basdır edilməməlidir. İran Azərbaycan xalqının gözündən bir müsəlman qonşu olaraq tam düşməmək istəyirsə, cinayətkar və ona dəstək verənlər layiqli cəzalarını almalıdırlar!”.