Səhiyyə 26 Sentyabr 2023, 16:12 | Baxış sayı: 218
"İnzibati tədbirlərə əl atmasaq, monopoliyaya qarşı mübarizə aparmasaq, dərmanlar getdikcə bahalaşacaq"

“Dərmanların bahalaşması hər bir vətəndaş kimi millət vəkillərini də ciddi narahat edir. Bu faktdır ki, dəfələrlə dərmanların qiyməti barədə Milli Məclisin plenar iclaslarında məsələ qaldırılıb, problem gündəmə gəlib, müvafiq orqanlara təkliflər verilib, tədbirlər görülməsi zəruri qeyd edilib. Lakin çox təəssüf ki, yenə də dərmanların qiymətində bahalaşma müşahidə olunur. Sözsüz ki, belə davam edə bilməz”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycanda çox istifadə olunan hər hansı dərmanın qiyməti qardaş Türkiyə ilə müqayisədə 3-4 dəfə bahadır: “Mən də bir vətəndaş kimi bundan çox narahat oluram, çünki müxtəlif dərmanlardan biz də istifadə edirik. Belə halla qarşılaşanda təəssüf hissi keçiririk. Sözün doğrusu, bir çox dərmanlar Türkiyəyə səfərlər zamanı alınır, yaxud oradakı dostlar tərəfindən alınıb göndərilir. Bu məsələdə dövləti günahlandırmaq, bütün çatışmazlıqları hökumətin üzərinə yıxmaq səhv olar. Çünki bazar iqtisadiyyatıdır, sahibkarlıqdır. Bir çox sədlərin, qadağaların qoyulması düzgün deyil. Bu, sahibkarların hüquqlarının pozulmasıdır. Müəyyən işbazlar bundan yanlış nəticə çıxarmamalıdırlar”. 

 

Deputat vurğulayıb: “Sözsüz ki, dərman sahəsində müəyyən inhisarçılıq var, bəzi işbazlar insaların dərmanlara olan tələbatından sui-istifadə edirlər. Biz özümüz insanların mənafeyi, vəziyyəti barədə ciddi düşünməliyik. Bir xalq, vətəndaş kimi hər birimiz özümüzü xəstənin, imkansızın yerinə qoymalıyıq. Düşünməliyik ki, dərmanların qiymətini süni şəkildə artırmaq, insanların narazılığına səbəb olmaq gələcəkdə yaxşı nəticələr verməyə bilər. Əsaslı tədbirlər görülməlidir. Dərmanların qiymətini bahalaşdıranlar, inhisarçılığa şərait yaradanlar mütləq araşdırılmalı, onlar haqqında ciddi tədbirlər görülməlidir. İnzibati tədbirlərə əl atmasaq, gündən-günə dərmanların qiyməti artırılacaq, işbazlar özlərini məsuliyyətdən kənar hesab edəcəklər. İctimaiyyətin də burada böyük rolu olmalıdır. Hər kəs inhisarçılığa, monopoliyaya qarşı mübarizə aparmalıdır. Belə sahibkarlar əleyhinə ictimai qınaq tətbiq edilməlidir”. 

pravda.az

Xəbərlər