"İndiki halda sərhədlərin açılması doğru olmaz"
Koronavirus pandemiyasına görə iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb. Nazirlər Kabinetinin son qərarına görə, ölkədə pandemiyaya səbəbindən tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadılıb.
Azərbaycanda son statistik göstəricilərə görə, virusa yoluxanların sayında ciddi şəkildə azalma var. Bir çox infeksionistin açıqlamalarına görə, pandemiyanı artıq bitmiş hesab etmək olar.
Quru sərhədlərin açılması məsələsi barədə Metbuat.az-a danışan millət vəkili Fəzail Ağamalı bildirib ki, Operativ Qərargahın qəbul etmiş olduğu qərarlara hörmətlə yanaşmalıyıq:
“Bildiyiniz kimi, dövlətimiz daima xalqımızın rifahı naminə qərarlar qəbul edir. Hazırda Ermənistanla münasibətlərimizin təhlükəli olduğu dövrləri yaşayırıq. Belə vəziyyətdə sərhədləri açıb düşmənlə üz-üzə qalmaq doğru qərar olmazdı. Hər birimiz dövlətimizin təhlükəsizliyi üçün verilən bu qərarı dəstəkləməliyik”.
Millət vəkili qeyd etdi ki, sərhədlərin açılması üçün narazılıq edən vətəndaşlar xaricdən Azərbaycana quru yolla, qatar və ya avtobusla səyahət etmək istəyənlərdir:
“Onlar da təyyarə bileti alıb Azərbaycana hava yolu ilə gələ bilərlər. Hər bir ölkənin özünün spesifik xüsusiyyətləri var. Hər bir ölkədə vəziyyətə uyğun olaraq yanaşmalar var. Ona görə gəlin tələsməyək. Operativ Qərargah dövlətimiz üçün nə zaman uyğun olarsa o vaxt bu barədə qərar verəcəklər”.