Siyasət 22 Noyabr 2022, 11:28 | Baxış sayı: 136
“İnanırıq, gələcəkdə Azərbaycan-İran problemləri müsbət həll olunacaq”

“İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycan haqqında bəzi məsələlərə toxunub. Vilayətinin Azərbaycana “qardaş ölkə”, Azərbaycan xalqına “gözümüzün nurudur” deməsi, ölkələrimizin ortaq dinə, tarixi irsə və adət-ənənələrə malik olduğunu bildirməsi müəyyən qədər xoşdur. Təbii ki, istərdik, bu, qəlbdən, ürəkdən olsun. İran doğrudan da qonşu müsəlman ölkə kimi bizi dəstəkləyirsə, əlbəttə, biz də qonşu dövlətlərdə sabitlik, sakitlik istəyirik. İnanmaq istərdik ki, Vilayətinin dediyi kimi olsun, gələcəkdə də Azərbaycan-İran arasında problem olmasın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Əli Əkbər Vilayətinin bəyanatı barədə fikirlərinə də diqqət çəkib: “Hikmət Hacıyev də öz çıxışında Vilayətiyə cavab verdi, İran parlamentində Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsindən danışdı. İnanırıq, gələcəkdə Azərbaycan-İran problemləri müsbət həll olunacaq. Qonşu ölkəyik, iqtisadiyyatımızı artırmalıyıq. Bölgədə sabitliyin nizamlanması üçün Türkiyə, İran, Azərbaycan və digər türk ölkələri logistik, həm də başqa sahələrdə bir-birimizi dəstəkləməliyik”.

 

C.Paşazadə əlavə edib: “İranın bəzi mənfi bəyanatlarına baxmayaraq, cənab İlham Əliyev çox dəyərli siyasət apardı və bunun nəticəsində hərə öz yerini bildi. Təbii ki, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli siyasət dünyanın bir çox ölkəsində qəbul olunur. İran da bölgədə olan sabitliyi cənab İlham Əliyev və qardaş Türkiyənin apardığı siyasətin içində gördü”.

Xəbərlər