Cəmiyyət 15 Avqust 2022, 15:37 | Baxış sayı: 171
"İnanmıram ki, kimsə rusca danışdığına görə təhqirə məruz qalsın".

“Son günlər sosial şəbəkələrədə ictimai yerlərdə rus dilində danışan şəxslərə qarşı vətəndaşlar tərəfindən təzyiq göstərilməsi ilə bağlı xəbərlər oxuyuruq. Məsələn, rus dilində danışan bir gəncin hücuma məruz qalması, bir qadının taksidən düşürdülməsi ilə bağlı xəbərlər yayılıb. Hesab edirəm ki, belə xəbərlər təxribat xarakterlidir və siyasi məqsədlərə xidmət edir. İnanmıram ki, kimsə rusca danışdığına görə təhqirə məruz qalsın. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Belə xəbərlərin mənbəyi hüquq mühafizə orqanları tərəfindən araşdırmalı və hüquqi qiymət verilməlidir. Təxribat xarakterli xəbərlər xalqımıza yaxşı heç nə vermir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan dilini hər kəs bilməlidir: “Ana dilimiz milli kimliyimiz, varlığımızdır. Amma bununla yanaşı digər dillərin də öyrənilməsi vacibdir. Kim çox dil bilirsə, onun inkişaf imkanları daha genişdir. Bu gün ingilis, rus, alman və fransız dillərinin öyrənilməsi xüsusilə gənclərimiz arasında daha geniş yayılıb. Kiminsə hər hansı bir xarici dildə danışdığına görə təqib olunması qanunla qadağandır. Dövlət müəssisə və idarələrində dövlət dilinin istifadə olunması vacibdir və tələbdir. Amma ictimai yerlərdə hansı dildə danışılması ilə bağlı bir tələb yoxdur. İnsanlar bu məsələdə azaddırlar”.

Xəbərlər