“İlham Əliyev biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq münasibətlərini inkişaf etdirmək mövzusuna çəkib”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərdən sonra Azərbaycan regional ölkədən beynəlxalq aktora çevrilmək istiqamətində stabil surətdə və inamla irəliləyir. Bu irəliləyiş təkcə hərbi-siyasi müstəvidə baş vermir. İqtisadi və xüsusən də biznes və kommersiya maraqlarımız da beynəlxalq səviyyədə inkişaf etməkdədir. Azərbaycanın siyasi əhəmiyyət və iqtisadi qüdrət baxımından təkamülü dünya biznes dairələrinin diqqətini ölkəmizə çəkir. Bu yeni şəraitdən doğan fürsətləri və üstünlükləri praktik baxımdan gerçəkləşdirmək üçün ölkəmizin biznes və kommersiya maraqlarının beynəlxalq səviyyədə təmin edilməsi məqsədi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət xəttində özünəməxsus yer tutur. Bunu son günlərdə dünyanın biznes və siyasi elitalarının bir araya gəldiyi iki olduqca mühüm qlobal tədbirdə Azərbaycan Prezidentinin fəal iştirakı, faktiki və potensial tərəfdaşlarla səmərəli və effektiv təmaslar qurması və danışıqlar aparması bariz surətdə təsdiq edir: 16 yanvarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında açılmış Əbu-Dabi Dayanıqlılıq Həftəsi və 17 yanvarda İsveçrədə işə başlamış Davos Dünya İqtisadi Forumu.
Bu fikirlər Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Əbu-Dabidən Davosa - Azərbaycan dünya biznes elitasının diqqətində” sərlövhəli məqaləsində yer alıb.
Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Prezident İlham Əliyev yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış etdi. Bu səfər ikitərəfli münasibətlərin strateji əhəmiyyətini göstərməklə yanaşı, beynəlxalq Dayanıqlıq Həftəsi vasitəsilə mühüm beynəlxalq auditoriyaya Azərbaycanın iqtisadi potensial və nailiyyətləri barədə reallıqları çatdırmaq və yeni tərəfdaşları cəlb etmək baxımından vacib xarakter daşıyır. Çünki Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır və bu hədəfə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Bu il Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edib. Prezident İlham Əliyev tədbirdə iştirakı zamanı diqqəti Azərbaycanın bərpaolunan enerji sahəsində potensialına və bu istiqamətdə həyata keçirilən layihələrə cəlb edib. O bildirib ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi ölkəmizin əsas planlarından biridir. Prezident İlham Əliyevin qatıldığı digər mühüm tədbir isə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı oldu. Bu Forum dünyada iqtisadiyyat sahəsində ən nüfuzlu tədbir hesab olunur, dünyanın siyasət və biznes elitasının bir araya gəldiyi və dünya iqtisadiyyatının gələcək istiqamətlərinin formalaşdırılmasında mühüm rola malik əsas mərkəz sayılır. Prezident İlham Əliyev Davos Forumunda müntəzəm surətdə iştirak edir və bu artıq bir ənənəyə çevrilib. Bir çox ölkələr, o cümlədən Ermənistan Davos Forumunda müntəzəm və fəal iştirak etmir. Bunun başlıca səbəbi odur ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən dövlət başçıları və biznes liderləri oraya real təkliflərlə gəlir, ciddi müzakirələr aparır, tərəfdaşlıqlar qururlar və ya artıq mövcud münasibətləri inkişaf etdirirlər. Azərbaycan məhz o ölkələrdəndir ki, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri və ölçülüb-biçilmiş siyasəti sayəsində dünyanın biznes, iqtisadiyyat və siyasət sahəsində güc mərkəzlərinin diqqətini çəkib və onların maraq dairəsindədir. Prezident İlham Əliyevin Davosda dövlət başçıları və biznes liderləri ilə keçirdiyi çoxsaylı görüşlər bunu təsdiq edir. O, “Damen Shipyards Group”,”CISCO”, “Fortesque Futurs Industries”, “The Goldman Sachs Group”, “Kromatix SA”, “Signify”, “Carlsberg Group” kimi nəhəng qlobal şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bundan əlavə, dövlətimizin başçısı İlham Əliyev Litva və Latviya prezidentləri, Monteneqronun Baş naziri, BMT-nin Məskunlaşdırma Proqramının icraçı direktoru ilə müzakirələr aparıb, Dünya İqtisadi Forumunun panel və dəyirmi masa iclaslarında çıxış edib. O, bütün bu tədbirlərdə Azərbaycan-Ermənistan münasibətləri və digər məsələlərlə yanaşı, dünya biznes dairələrinin və iqtisadi elitasının diqqətini Azərbaycanın iqtisadi potensialına və yeni tərəfdaşlıqlar qurulması imkanlarına yönəldib.
Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə hazırda beynəlxalq gündəmdə olan siyasi mövzulara və iqtisadi layihələrə böyük yer verilib. Eyni zamanda, Çın-Azərbaycan ikitərəfli münasibətlərindən, xüsusən də iqtisadi-kommersiya layihələrindən və bu istiqamətdəki perspektivlərdən bəhs edilib. Beləliklə, istər Əbu-Dabi Dayanıqlılıq Həftəsində, istərsə də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş bütün tədbir və görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev dünya biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və müştərək layihələr həyata keçirmək mövzusuna çəkməyə müvəffəq olub.