Siyasət 9 May 2023, 17:54 | Baxış sayı: 238
“İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu bu gün də unudulmur və yüksək qiymətləndirilir”

Bu gün tarixi bir günü – Faşizm üzərində Qələbə Gününü qeyd edirik.

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Müharibə dövründə Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi. Həmin dövrdə akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərmişdir ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi.”
Azərbaycan milli diviziyaları – 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynamış, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçmişdir.
Qeyd etmək lazımdır ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüşdür. 30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir.
O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstərmişlər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunurdu. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə verdi.
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.

Xəbərlər