Siyasət 12 İyul 2023, 15:50 | Baxış sayı: 220
”Hər zaman dövlətimizin siyasətinin əsasında vətəndaş amili dayanır”

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı tərəfindən nəinki son 6 ayın sosial-iqtisadi yekunları, son bir neçə ilin həm daxili, həm də xarici siyasəti geniş təhlil olundu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, bu gün Azərbaycan demək olar ki, əksər ölkələrdən qat-qat sabitdir: “Məhz bu sabitlik də rifaha və inkişafa gətirib çıxardır”.

Deputat qeyd edib ki, bu ilin ilk altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi: “Qarşıya qiyulan məqsədlərə nail olunub. Ölkədə qeyri-neft sektorunun inkişafına kifayət qədər investisiyalar qoyuldu. Bu gün Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirəcək qədər resursları var. Buna bizim həm coğrafi mövqeyimiz imkan verir, həm də dövlət tərəfindən xüsusi diqqət ayrılır. Qarşıdakı illərdə ölkə iqtisadiyyatının neft və qaz gəlirlərindən asılılığının azaldılması istiqamətində böyük işlərimiz olacaq. Qeyri-neft sektoru sahəsində işğaldan azad edilmiş ərazilərdə böyük investisiya layihələri icra edilir. Dövlət başçısının da qeyd etdiyi kimi büdcənin artması iqtisadiyyatın şaxələnməsinə şərait yaradacaq. Biz büdcədə olan bu irəliləyişi məhz vergi və gömrük sahələrindəki davamlı islahat və şəffaflaşdırma prosesində görürük. Həmçinin Azərbaycan inflyasiyanın da təsirini azalda bilən dövlətlərdən oldu. Qarşıdakı 6 ayda da dövlətimiz qarşısına qoyduğu məqsədlərə çatacaq. Bundan sonra Azərbaycan daimi inkişaf edən iqtisadi və sosial siyasətiylə vətəndaşların rifah halını da yaxşılaşdıracaq. Hər zaman dövlətimizin siyasətinin əsasında vətəndaş amili dayanır”.

APA

Xəbərlər