Cəmiyyət 10 İyun 2022, 17:23 | Baxış sayı: 369
"Hər gün rus sülhməramlıları tərəfindən Azərbaycan qanunları kobudluqla pozulur".

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kimliyi, milli mənşəyi, bu məsələlərdə mövqeyi hamıya məlumdur. Yalnız Lavrov belə danışa bilərdi. Ermənistana-özününkülərin yanına onlara dəstək verməyə, arxayın etməyə gedib. Lavrov əslində həqiqəti deyib. Bəli, rus sülhməramlılarının prioriteti, işi-gücü Qarabağdakı separatçıları, cinayətkarları, terrorçuları himayə edib qoruyub-saxlamaq, onların Qarabağda daha rahat şəkildə cinayət törətmələrinə şərait yaratmaqdır. Lavrov səhv heç nə demir. Rusiya hərbi kontingentinə sülhməramlı demək olmaz, onlar “erməniməramlıdırlar”. Məqsədləri də məlumdur, ərazilərimizə gələn gündən ancaq erməniləri məskunlaşdırmaqla, yardım göstərməklə məşğuldurlar. Azərbaycan qanunlarına zidd bütün fəaliyyətləri göstəriblər. Bu gün də bunu davam etdirirlər. Rus sülhməramlılarının 2020-ci ilin noyabr ayından Azərbaycan ərazisinə gəlmə məqsədləri kağız üzərində qaldı. Realda nə işlə məşğul oldularsa, bunu bütün Azərbaycan da, Lavrov da, Ermənistan da, dünya da bilir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər barədə danışarkən deyib.

 

Deputat bildirib ki, hər gün rus sülhməramlıları tərəfindən Azərbaycan qanunları kobudluqla pozulur: “Ərazi bütövlüyümüzə qarşı hörmətsizlik nümayişkəranə şəkildə davam etdirilir. Azərbaycan ərazisində dədə-babalarının heykəllərini qoydular, özlərinə kilsə tikdilər. Hamı bilir ki, bu, nə məqsəd daşıyır. Xocalıda provaslav kilsəsi tikirlər ki, rus əsgərləri kilsəyə gedəcəklər. Sərxoşluq edib kilsəyə gedəcəklər? Rus əsgəri nə vaxtdan kilsəyə gedən olub? Rusiyadakı rus əsgərləri bu vaxta qədər heç kilsəyə gediblər? Ermənistan baş prokurorunun, universitet rektorlarının və.s Azərbaycan ərazisinə qanunsuz şəkildə keçmələrini kim təşkil edir? Əlbəttə ki, Rusiya hərbi kontingenti. Guya 22 fevralda müttəfiqlik haqqında bəyannamə imzaladılar, "biz daimi dostuq, tərəfdaşıq" dedilər, hamısı boğazdan yuxarı deyilən sözlərdir. Tarixin bütün dövrlərində Rusiyanın Azərbaycanla dostluqda necə “səmimi” olduğunu dəfələrlə görmüşük. Həmişə də bu münasibətləri başımıza müsibətlər açıb. İndi ərazilərimizdə yerləşən rus sülhməramlı kontingenti axırda 1992-ci ilin 366-cı motaatıcı alayına, bəlkə ondan da betər fəlakətə çevriləcək. Ona görə də işimizi ehtiyatlı tutmalıyıq. Kimin dost, kimin düşmən olduğunu düzgün qiymətləndirməyi bacarmalıyıq. Ərazilərimizdə təhlükəsizliyimizin təminatı üçün ciddi tədbirlər görməliyik. Zəngəzur dəhlizimiz yoxdursa, nə üçün Laçın dəhlizi olmalıdır?”

E.Məmmədov qeyd edib ki, Lavrovun son çıxışı artıq sülh prosesini də təhlükəyə atır: “Artıq neçə müddətdir Ermənistanda etirazlar səngimək bilmir. Təbii ki, Moskvadan idarə olunur. Ona görə əminliklə deyirəm ki, bu etirazları təşkil edən “Qarabağ klanı”dır, hərbi cani Köçəryanla Sarkisyandır. Onları 1988-ci ildən tanıyırıq. İkisi də o vaxtkı SSR Dövlət Təhlükəsizlik Komitəsinin güclü casus şəbəkəsində idi. Törətdikləri soyqırımlar da məlumdur. Lavrovun Ermənistana gəlişi sülhün, əməkdaşlığın xeyrinə  heç nə vəd etmir, xoşagəlməz niyyətlərə hesablanıb. Çünki Rusiya dövlətinin məqsədi bu regionda münaqişənin tamamilə yox olmasına xidmət etmir. Rusiya dövlətinə münaqişənin regionda qüvvədə qalması sərf edir ki, onların mövcudluğuna ehtiyac olsun. Demək istəyir ki, biz burda olmasaq, "qan su yerinə axar". Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, üçüncü dövlətə ehtiyac qalmayacaq. Bu da Moskvaya sərf etmir. Bütün cəhdlərlə çalışır ki, iki dövlət arasında gərginlik, münaqişə davam etsin, sülh sazişi baş tutmasın”.

Xəbərlər