Siyasət 1 Mart 2023, 14:05 | Baxış sayı: 108
“Hər bir gücün öz marağı var və parçalanmış, yorulmuş Qafqazı istismar etmək daha asandır”

Hazırda Cənubi Qafqazda yekun sülh üçün heç vaxt olmadığı qədər geniş imkanlar var və bu şansı buraxmaq bölgəyə yaxşı heçnə vəd etmir. Xüsusən Ermənistana. Azərbaycan ən pis ehtimalda riskləri qarşılayacaq güc, imkan və nüfuza malikdir. Üstəlik Prezident İlham Əliyevin formalaşdırdığı siyasi-diplomatik konfiqurasiya hesabına zaman da Bakının lehinə işləyir. Lakin aydındır ki, bütövlükdə regionu əhatələyəcək sülh və əməkdaşlıq mühitinin faydası daha çox böyükdür. Bakı bunun fərqindədir və praqmatik davranır.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputatın sözlərinə görə, Azərbaycan heç vaxt kompromisdən çəkinməyib, 30 il səbr etmək, müharibədən sonra isə Bakının qalib tərəf olmasına baxmayaraq ilk gündən sülh istəməsi, Qarabağda antiterror əməliyyatlarını ləngitməsi kimi çoxsaylı nüansların hər biri özlüyündə ən böyük güzəştdir: "İndi növbə ermənilərindir. Ermənistan konsensusa getməldir, həm də özünün düşdüyü durumun reallığına uyğun olaraq, əks halda güzəştə məcbur ediləcək və bu artıq kompromis yox, növbəti kapitulyasiya olacaq. İrəvan heç bir 3-cü gücə güvənməməlidir, 44 günlük savaşda heç kim cənab İlham Əliyevi dayandıra bilmədi. Bu gün isə Avropanın milli təhlükəsizliyində bir başa rol alan Azərbaycana maneə olmaq barədə danışmaq özü ümumiyyətlə absurddur. Ermənistan nəhayət ki, beynəlxalq müstəvidəki ritorikanı təhlil edib anlamalıdır ki, Qafqazda davamlı sülh Azərbaycan və Ermənistandan başqa əslində heç kimə o qədər də vacib deyil, hər bir gücün öz marağı var və parçalanmış, yorulmuş Qafqazı istismar etmək daha asandır, nəinki, əməkdaşlıq edən, sülh şəraitində yaşayan güclü Qafqazı. Amma bədbəxtlikdən bu reallığı Ermənistan hələ də görmək istəmir. Deyəsən yenə də əlac məcburiyyət tədbirlərinə qalır"

Xəbərlər