Hotellərə girişdə şəxsiyyət vəsiqəsindən başqa sənədlərin tələb olunmasını normal qəbul etmirəm".
Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi hotellərin müştərilərin nikah şəhadətnaməsi olmadan qəbul etməmələri müzakirələrə səbəb olub. Bəzi hotellər, hətta yanlarında həyat yoldaşı olmadan istirahətə gələn qadınları içəri buraxmırlar.
Deputat Aqil Məmmədov bununla bağlı Pravda.az-a açıqlama verib.
O, qeyd edib ki, Azərbaycanda vətəndaş azaddır: “Söz azadlığı, kimin harada istəsə, orada yaşamaq azadlığı var və bununla bağlı heç bir qadağa yoxdur. Şəxsiyyət vəsiqən varsa, ölkəmizin vətəndaşısansa, yaxud da xaricdən gəlib burada yaşamaq istəyirsənsə, belə problemlər yaşanmamalıdır. Doğrusu, bu məsələ haqqında tam məlumatlı deyiləm. Yəqin ki, nəyəsə görə edirlər. Əlbəttə, sənəd tələb olunmalıdır və göstərilməlidir. Yoxsa nə biləsən ki, haradan gəlib, haraya gedir... Şəxsin kimliyini müəyyənləşdirən sənəd təqdim olunsa, daha yaxşdır. Ancaq şəxsiyyət vəsiqəsindən başqa sənədlər də tələb olunursa, bu barədə heç nə deyə bilmərəm və bunu normal qəbul etmirəm. Əgər adamın şəxsiyyətini təsdiq edən sənədi varsa, bundan başqa nə tələb etmək olar ki!”
Deputat bu məsələdə bəzi qaranlıq qalan məqamların olduğunu da qeyd edib: “Bəzi məqamlar var ki, onlar barəsində danışmaq istəmirəm. Gəlirlər, şifahi formada deyirlər ki, hə, bəs belədir... Kiminsə hansısa informasiyanı şifahi şəkildə deməsi ilə də onu qəbul etmək düzgün deyil. Bu sənədin nəyə görə istənildiyi haqqında açıq danışmaq istəmirəm, amma hər halda sənəd təqdim olunanda qarşı tərəf də bilir ki, bu kimdir, haradan gəlib, hara vətəndaşıdır, hansı rayon sakinidir və s. Sənəd olmayanda isə bəzi məqamlar qaranlıq qalır. Buna görə də hotellərin sənəd tələb etmələrini normal qəbul edirəm”.