Ümumi 22 Fevral 2023, 15:27 | Baxış sayı: 101
“Hökumətin karantinlə bağlı qərarında tənqid olunacaq məqam görmürəm…”

“Karantin özlüyündə məhdudlaşdırma tədbiri kimi ilk növbədə onu tətbiq edən dövlətin iqtisadiyyatı üçün əlverişli deyil. Lakin hər bir ölkənin özünün prioritetləri var, Azərbaycan dövlətinin də ali məqsədinin təməlində insan amili dayanır. Sərt karantin rejimində belə dövlətimiz əlavə iqtisadi yükləmələrə getməklə insan həyat və sağlamlığını üstün tutduğunu göstərdi. Hazırda COVİD-19 əvvəlki kimi tüğyan etmir, bir çox dövlətlərdə, o cümlədən Azərbaycanda situasiya nəzarətə alınıb, lakin yeni dalğanı da heç kim istisna edə bilməz. Nazirlər Kabinetinin koronovirus infeksiyasının ölkə ərazisində yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətini 2023-cü il mayın 1-dək uzatması da yalnız bu aspektdən izah oluna bilər.  Hökumətin respublika ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarının tənqid olunmasına gəlincə, bu tip yanaşmaları sağlam və qərəzsiz hesab etmirəm. Genofondumuza, dövlətçiliyimizə təhdid varsa, artıq hansısa siyasi populizm yox, bütövlükdə xalqın iradə ifadəsi olan dövlətin qərarı önəmlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, ölkədə sanitariya-epidemiologiya salamatlığına “tənqidçi” kəsim deyil, Konstitusiyanın 41-ci maddəsinə əsasən, dövlət təminat verir: “Həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsinə əsasən, xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində profilaktik tədbirlərin görülməsini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Digər tərəfdən, prosesləri tam araşdırmaq və real vəziyyətdə riskləri qiymətləndirmək imkanına yalnız geniş alətlərə malik dövlət qadirdir. Risklərlə bağlı məsuliyyəti dövlət daşıdığı üçün Hökumətin bu qərarında tənqid olunacaq məqam görmürəm. Karantin rejiminin uzadılmasının insan hüquqları müstəvisində qiymətləndirilməsinə gəlincə, karantin özlüyündə qanuni məhdudlaşdırmadır. Bütün beynəlxalq insan haqları mexanizmlərində də sağlamlığı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş, demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə yol verilir. Digər tərəfdən, mövcud karantin rejimi ölkə daxilində hüquqların məhdudlaşdırılması ilə bağlı xüsusi sərt rejim müəyyən etməyib, faktiki olaraq insanlar artıq karantin rejiminin mövcudluğunu belə hiss etmir”.

Xəbərlər