Siyasət 23 May 2023, 16:49 | Baxış sayı: 196
"Əhməd Obalı hər zaman İran hökumətini sərt tənqid edirdi"

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanlı milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

Eyni zamanda, sosial şəbəkələrdə aparılan müzakirələrdə hadisənin arxasında İran tərəfənin olduğu deyilir. 

Bəs, həqiqətən də Əhməd Obalıya qarşı bu hücumun arxasında İran dayanır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bütün hallarda belə bir hadisənin baş verməsi təəssüf doğurur.

Onun sözlərinə görə, hadisənin kim tərəfindən törədilməsi haqqında müxtəlif fikirlər var:

"Bilirsiniz ki, Əhməd Obalı hər zaman orada yaşayan azərbaycanlıların hüquqlarının qorunması və digər istiqamətdə çox fəal olub. Belə bir hadisənin ona qarşı törədilməsi əlbəttə ki, üzücüdür. Bunun kimin tərəfindən törədilməsi ilə bağlı müxtəlif fikirlər var. Amma hesab edirəm, hüquq-mühafizə orqanlarının qərarından sonra məsələyə baxıla bilər. Ona görə bu gün konkret demək olmur ki, 100 faiz elədir. Yəni ehtimallar onun üzərindədir. Çünki bunun da əsası var. O, hər zaman İran hökumətini sərt tənqid edirdi. Onun televiziyası uzunmüddətli İrana qarşı, onun həyata keçirdiyi siyasətə qarşı öz münasibətini, yanaşmasını ortaya qoyurdu. Ona görə də bu gün ehtimallar daha çox onun üzərində durur. Amma düşünürəm ki, tam proses araşdırıldıqdan sonra bu barədə nəsə demək olar. Fikrimcə, ümumiyyətlə, həm ölkə daxilində, həm xaricdə yaşayan azərbaycanlılar, hansı ki, zaman-zaman İranın həyata keçirdiyi siyasəti tənqid edirlər, bu cür insanların təhlükəsizliyi ciddi şəkildə qorunmalıdır. Yəni Amerika kimi bir dövlətdə belə bir hadisənin baş verməsi də hesab edirəm ki, anlaşılan deyil. Onlar bu məsələdə nəzarət etməli idilər. Amma təəssüf ki, onlar da prosesə öz nəzarətini etmədilər və bütün hallarda yaxşı bir hal deyil. Biz onun tezliklə şəfa tapmasını arzulayırıq".

Xəbərlər