Siyasət 5 Aprel 2023, 17:55 | Baxış sayı: 99
“Həkimlərimizin xəstə ermənilərə kömək etmələri təqdirəlayiqdir”

“Xəstələrə, imkansızlara ən çətin anda kömək etmək həkimlərin müqəddəs borcudur. Bu, düşmən də ola bilər, dost da, bizi qəbul etməyən, həqiqətlərimizə inanmayan, vətəndaşlarımıza ikrahla baxan insan da. Ancaq hər bir həkim xəstələrə yardım göstərməlidir. Xankəndində xəstə vəziyyətə düşən ermənilərə yardım göstərilməsi də Azərbaycan həkimlərinin içdikləri anda sədaqətlərinin bir nümunəsidir. Doğrudur, Xankəndindəki ermənilər bu gün Azərbaycan vətəndaşlığını qəbul etmək fikrində deyillər. Daim bizə düşmən mövqedə olublar, bu gün də həmin düşmənçiliyi davam etdirirlər. Lakin Azərbaycan xalqı daim humanist dəyərlərə arxalanıb, öz humanistliyini nümayiş etdirib. Çox təəssüfedici haldır ki, ermənilər bunu tarix boyu etməyiblər. Hətta Birinci Qarabağ, Vətən müharibəsi dövründə, torpaqlarımız işğal altında olan müddətdə dinc sakinlərimizə,  həkimlərimizə qarşı sui-qəsd törədib, onları qətlə yetiriblər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycan bu gün də sülhün, əmin-amanlığın tərəfdarıdır, bütün məsələlərə humanist mövqedən yanaşır:

 

“Xəstə ermənilərə kömək əli uzatmaq, onlara yardım etmək də məhz azərbaycanlıların xislətindən, onların ali dəyərlərə malik olmalarından qaynaqlanır. Əlbəttə, bir çox vətəndaşımız bunu qəbul etmək istəmir. Onlar haqlıdırlar, ağrıları, acıları var. Ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən xəbərdardırlar, bunun şahidi olublar. Həkimlərimizin xəstə ermənilərə kömək etmələri təqdirəlayiqdir. Məncə, bu, dünya xalqları üçün nümunə olmalıdır. Ermənilər də bundan nəticə çıxarmalı, mənfur məqsədlərini kənara qoymalıdırlar. Qarabağda yaşayan ermənilər danışıqlara gəlməli, həyatlarını bir daha təhlükə qarşısında qoymamalıdırlar”.

Xəbərlər