Siyasət 10 May 2023, 14:12 | Baxış sayı: 155
“Heydər Əliyevin fəaliyyətinin nəticəsi bugünkü qüdrətli Azərbaycandır”

“Bu gün Azərbaycan tarixində əlamətdar bir gündür. Dərin biliyini, qazandığı zəngin təcrübəni, Uca Yaradanın ona bəxş etdiyi istedadı, mənalı və şərəfli ömrünü yalnız mənsub olduğu xalqına həsr edən, bunu özünün həyat amalına çevirən və bu yolda usanmadan uzun bir yol alan, xalqının ümid çırağı, nümunəvi azərbaycanlı Heydər Əliyevin doğum günüdür. Doğulduğu gündən onun düşüncələrində özü üçün yox, “xalqım üçün nə etməliyəm” fikirləri hakim idi. O, bu istəklərlə həyata yol aldı və ancaq doğma xalqı üçün çalışdı. Tutduğu yol müqəddəs, nəcib, vicdanlı olduğu üçün Uca Yaradan hər zaman ona dayaq durdu. Hansı vəzifəni daşıdısa, məqsəd bir idi - yalnız xalqa xidmət. Çünki Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevirdi, azərbaycanlı olduğu üçün hər zaman fəxr edirdi. O, xalqının tarixini dərindən öyrənmişdi. Bilirdi ki, Azərbaycan xalqı kamil, savadlı bir xalqdır, qüdrətli dövlətlər yaradıb, böyük ədəbiyyata, zəngin mədəniyyətə sahibdir. Ona görə də Heydər Əliyev xalqı üçün gördüyü işlərdə yalnız xalqdan güc aldı, vəzifələrinin ilk pillələrindən sonadək bu yolla addımladı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Xalqımız çətin anlarında yalnız ona üz tutdu, bu dahi insanın gücünə, qabiliyyətinə, şəxsiyyətinə və ona olan sevgisinə qəlbən inandı. Əmin idi ki, Heydər Əliyev bacaracaq. Budur Azərbaycan xalqının müdrikliyi, kamilliyi, çünki qəbul etdiyi qərar tam doğru idi, taleyini Heydər Əliyevə etibar etməkdə yanılmamışdı. O, sovet Azərbaycanına rəhbərlik etməyə başlayarkən respublikamızda vəziyyət tarixdən məlumdur. Demək olar ki, digər ittifaq respublikalarından bütün göstəricilərinə görə geridə idi. Moskvadan Azərbaycana laqeyd münasibət var idi, əsasən aqrar respublika kimi xarakterizə olunurdu və o da çox aşağı səviyyədə. Amma Heydər Əliyev qısa müddətdə xalqımızın potensialını ortaya qoydu, bütün sahələrin inkişafına nail oldu. Azərbaycanın ittifaq miqyasında nüfuzu artdı, rəqabətqabiliyyətli bir respublikaya çevrildi. Heydər Əliyevin qətiyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Buna misal olaraq Bakı Məişət Kondisionerləri Zavodunun adını çəkmək istərdim. Həmçinin həmin dövrdə Ulu Öndərin  tikdirdiyi elə müəssisələr var ki, onlar bu gün də iqtisadiyyatımızın gücləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Məhz onun rəhbərliyi ilə Azərbaycanda yeni binalar, mədəniyyət obyektləri tikildi. Ulu Öndərin diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. Onun respublikamıza rəhbərliyi dövründə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Təbii ki, həmin dövrdə bilavasitə Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış nailiyyətləri saymaqla qurtarmaq olmaz. Amma ümumiləşdirib onu deyə bilərəm ki, Moskva Azərbaycanın gücünü və əhəmiyyətini başa düşdü, hər məsələdə onunla hesablaşdı”, - AHİK sədri bildirib.

“Baş verən hadisələri dərindən analiz etsək, görərik ki, ötən əsrin sonlarında Azərbaycanın başına gələn bəlalar Heydər Əliyev Moskvadakı vəzifəsindən uzaqlaşdırılandan sonra başladı. Düşmənlərimiz anlayırdı ki, Heydər Əliyev var ikən çirkin planlarını həyata keçirə bilməyəcəklər. Məhz Qarabağ münaqişəsi o, istefaya getdikdən bir neçə gün sonra başladı, xain düşmənlərimizin əli-qolu açıldı, xalqımızın baş üzərini qara buludlar almağa başladı. İmperiya dağıldıqdan sonra bu proses geniş vüsət aldı. Xalqımız müstəqil olsa da, amansız müharibə davam edir, torpaqlar itirilir, ölkədə anarxiya, xaos baş alıb gedirdi. Belə şəraitdə xalqın güzaranından danışmaq, ümumiyyətlə, yersizdir. Həmin vaxt Heydər Əliyev Azərbaycan xalqının yeganə çıxış yolu oldu, xilas yolu onun timsalında göründü. Heydər Əliyevi Naxçıvandan gətirən təyyarənin Bakıya enməsi ilə xalq dərindən nəfəs aldı, əmin oldu ki, artıq etibarlı əldədir. Bax budur Azərbaycan xalqının müdrikliyi, çünki çətin anda dəqiq və düzgün qərar qəbul etməyi bacarır. Bir nüansa diqqət çəkmək istərdim. Ulu Öndər Bakıya gələrkən nə komandası var idi, nə də silahı. O yalnız geniş biliyi, zəngin təcrübəsi və xalqına olan sonsuz sevgisi ilə ağır və şərəfli işə başladı. Nəticəyə gəldikdə isə hazırkı Azərbaycana baxmaq kifayətdir... Bu gün Şuşadan ucalan muğam səsi bütün dünyanı xəyallara qərq edib”, - Milli Məclisin deputatı vurğulayıb.

Xəbərlər