Cəmiyyət 10 May 2023, 16:46 | Baxış sayı: 91
"Heydər Əliyevə ümumxalq məhəbbəti tükənməzdir"

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti və bu müraciətdə səsləndirilən fikirlər Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini qiymətləndirmək, həm də o dövrün uğurlarını, çətinliklərini, ziddiyyətlərini bir daha xatırlatmaq, dərk etdirmək baxımından əhəmiyyətlidir”.                 

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.                                  

 

Deputat bildirib ki, həqiqətən Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə Azərbaycan çox çətin, böhranlı günlər yaşadığı dövrdə gəlmişdi: “Prezidentimizin xatırlatdığı kimi 1969 - cu ildə respublika ağır vəziyyətdə idi. Ölkədə iqtisadi - mənəvi böhran hökm sürürdü. İttifaqın ən geridə qalmış respublikasını bir neçə ildə İttifaqın ən qabaqcıl respublikası sırasına çıxarması yalnız Heydər Əliyev kimi böyük təşkilatçılıq bacarığına, uzaqgörənliyə, bəşəri dəyərlərə, yüksək insani xüsusiyyətlərə malik olan bir şəxsiyyət bacara bilərdi. Belə də oldu.   Ulu Öndərimizin xalqla birliyi, insanlara arxalanması, bacarıqlı kadrları irəli çəkməsi, həyata keçirdiyi mühüm layihələr, görülən səmərəli tədbirlər nəticəsində  Azərbaycan nəinki iqtisadi cəhətdən inkişaf etdi, eləcə də xalqımız tanındı, şöhrətləndi, özünü, milliliyini dərindən dərk etdi, dilinə, dininə, tarixinə, milli - mənəvi dəyərlərinə ehtiramla yanaşdı, əməllərindən, uğurlarından qürur duydu”.                                                        

 

T.Rzayev əlavə edib ki, Heydər Əliyev xalqa yalnız iqtisadi uğurlar bəxş etmədi, ilk növbədə insanlara ruh verdi, ürəklərdə torpağa, vətənə inam yaratdı: “Bütün uğurların təməlində məhz bu ruh, inam, sədaqət, məhəbbət dururdu və bu amillər insanları daha yüksək uğurlara aparır, onlara qüvvət verirdi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə respublikada sənaye istehsalının həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artmışdı. Ümumi məhsul istehsalı əvvəlki əlli ilə bərabər, ölkənin su - meliorasiya sistemi kompleksinə qoyulan xərc əvvəlki əlli ildəkindən 2,5 dəfə çox olmuş, 18,5 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Bu rəqəmlərin sayını bir neçə dəfə artırmaq olar, ancaq bu nümunələr uğurlara müəyyən təsəvvürləri yaratmaq baxımından xarakterikdir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də ölkə çıxılmaz vəziyyətdə idi və o günləri xalqımız çox yaxşı xatırlayır. Ulu Öndər həmin dövrdə bir xilaskar missiyasını uğurla həyata keçirdi və xalqı ağır bəlalardan, torpaqlarımız daha geniş işğaldan xilas etdi. Prezidentimizin xatırlatdığı kimi həmin dövrdə Heydər Əliyevin ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, ölkəmizi beynəlxalq aləmdə tanıtdırmaq, xalqın birliyini təmin etmək oldu”.                            

 

Deputat xatırladıb ki, cənab İlham Əliyev xalqa müraciətində Heydər Əliyevin bütün dövrlərdə xalqına sədaqətlə xidmət etdiyini bildirdi: “Bu danılmaz faktdır. İstər Moskvada işlədiyi, istər vəzifədən uzaqlaşdırıldığı, istər “20 yanvar” günlərində, istərsə də vəzifədə olduğu bütün dövrlərdə Ulu Öndərimizin qəlbi xalqı ilə bir döyünmüş, o Azərbaycanın inkişafı və xalqının xoşbəxtliyi naminə həyatını qurban vermişdir. Məhz buna görə də dövlətimizin rəhbərinin qeyd etdiyi kimi Ümummilli Liderimizin xatirəsi böyük hörmət və ehtiramla yad edilir və Azərbaycan xalqı durduqca Heydər Əliyevin xatirəsi sonsuz məhəbbətlə yad ediləcəkdir”.                                                                                

 

T.Rzayev qeyd edib ki, ulu Öndərimizin ruhu bu gün şaddır: “Çünki onun ən böyük arzusu xalqımızı xoşbəxt və torpaqlarımızı azad görmək idi. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Qarabağ, Şərqi Zəngəzur torpaqları işğaldan azad edilmişdir. Həmin torpaqlarda indi möhtəşəm işlər görülür, şəhər və kəndlərimiz sürətlə bərpa edilir, yenidən qurulur, abadlaşdırılır. Bu Heydər Əliyev arzularının çiçəklənməsi, ideyalarının həyata keçirilməsi, amallarının, əməllərinin yüksəlişidir, əbədiliyi, ölməzliyidir”.

Xəbərlər