Cəmiyyət 31 Avqust 2021, 16:44 | Baxış sayı: 236
"Hesab edirəm ki, həmin cərimələrin bağışlanması mümkündür”.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.

O, məsələni belə izah edib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir.

Məsələ barədə Modern.az-a danışan deputat Fazil Mustafa karantin cərimələrini ödəməyənlərin axtarışa verilməsinə etirazını bildirib.

Onun sözlərinə görə, cərimədən yayınanlara güzəşt etmək, onları bağışlamaz lazımdır.

“Pandemiyanın şərtləri, yaratdığı çətinlik getdikcə ağırlaşır. İnsanları daha çıxılmaz vəziyyətə salmağımız düzgün deyil. Hesab edirəm ki, həmin cərimələrin bağışlanması mümkündür”.

Parlament səviyyəsində məsələ ilə bağlı fikir səsləndirilməsinə gəlincə, Fazil Mustafa xatırladıb ki, Milli Məclisin payız sessiyasının başlamasına hələ müəyyən qədər vaxt var:

“Ona görə hələlik bu problemlə bağlı yalnız fikir söyləyə bilərik. Ciddi narazılığa səbəb olduğu halda məsələ parlamentə daşına bilər”.

Xəbərlər