"Heç bir üçüncü dövlətin ərazimizdən istifadə edib qonşu İrana qarşı addımlarına icazə verməyəcəyik"
“Prezident İlham Əliyev 16 il bundan qabaq İranla bağlı mövqeyini bildirmişdi. Dövlət başçısı heç vaxt icazə verməyib ki, bizim ölkəmizdən İrana qarşı plasdarm kimi istifadə edilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin mövqeyi bu gün də dəyişməyib, İran isə nankorluq edir: “Azərbaycanın siyasi rəhbəri İrana qarşı sanksiyalara heç zaman qoşulmayıb. Bəs bu gün İran tərəfindən atılan addımlar nədir? Bu davranış İranın özünün ideologiyasına da daban-dabana ziddir. İranın bugünkü davranışları ilə bağlı seçicilərimiz də bizimlə görüşdə öz etirazlarını bildirir”.
E. Nəsirov qeyd edib ki, Vaşinqton İrana qarşı prosesdə daim Azərbaycanın iştirakını istəsə də, Azərbaycan Prezidenti qətiyyətli şəkildə buna imkan vermir: “Heç bir üçüncü dövlətin bizim ərazimizdən istifadə edib qonşu İrana qarşı addımlarına icazə verməyəcəyik. Düz 16 il bundan qabaq bu mövqeyi Prezidentimiz bildirib, 16 il keçib, yenə eyni mövqedəyik. İranın ali siyasi rəhbərliyi bir daha bilsin ki, Azərbaycan İrana qarşı addımların qarşısının alınmasında mühüm rol oynayıb”.
Mənbə: apa.az