İqtisadiyyat 7 İyun 2023, 15:39 | Baxış sayı: 83
"Heç bir rəhbər istəməz ki, işçisi az maaş alsın, məcburdular"

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir sıra dövlət qurumlarında çalışan şəxslərin maaşları, o cümlədən 2023-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda minimum əmək haqqının məbləği 300 manatdan 345 manata qaldırıldı. Lakin dövlət müəssisələrindən fərqli olaraq, özəl sektorda maaş artımı məsələsi hələ də problem olaraq qalmaqdadır.

Metbuat.az bu problemi yaradan səbəblər barədə millət vəkili Fazil Mustafa ilə söhbətləşib. Deputat hesab edir ki, bu məsələdə özəl sektorun özünü də qınamaq mümkün deyil:

“Hazırda özəl müəssisələr çox ciddi problemlər yaşayırlar. Özəl sektoru çətinliyə salan məsələlər arasında məcburi icbari sığorta, sosial sığorta miqdar səviyyəsinin kifayət qədər yüksək olması, vergilər və müəyyən dərəcədə qeyri-qanuni sıxışdırmalar sahibkarların əziyyət çəkməsinə səbəb olur. Məhz bu səbəbdən də özəl sektorda daha az adam, daha az maaş və daha çox vaxt sərf etməyə üstünlük verirlər.

Heç bir rəhbər istəməz ki, işçi az maaş alsın, pis işləsin, məcburdur buna. Amma bir həddə qədər. Gəlir olmayandan sonra bunu davam etdirmək də mümkün olmur. Bizim bu sahədə reallığımız budur. Problemlər böyükdür və bunu özəl sektorun hansısa bir şəkildə uğursuzluğu və ya istəksizliyi ilə izah etmək doğru deyil”.

Fazil Mustafa həmçinin qeyd etdi ki, gəliri çox olan şirkətlər daha çox iş yerlərinin açılmasına və işçi cəlbinə maraqlı olurlar.

“Normal gəliri, mənfəətləri olan şirkətlər əmək haqqının artırılmasına, daha çox işçi cəlb olunmasına çalışacaqlar. Bildiyiniz kimi, hazırda özəl sektorun inkişafı üçün ucuz kreditlər də bir o qədər də əlçatan deyil. Bu da ciddi, narahatedici məsələlərdən biridir. Məhz bu səbəbdən də özəl sahədə fəaliyyət göstərən şirkətlər acınacaqlı vəziyyətdə çalışmaq məcburiyyətindədirlər”.

Xəbərlər