"Hansısa “molla”nın sayıqlaması rəsmi Tehranın mövqeyini ifadə etmir".
“Azərbaycan-İran münasibətləri hər iki dövlətin maraqlarına uyğun formada inkişaf etməkdədir. Xüsusən, Vətən Müharibəsindəki qələbəmizlə yaratdığımız yeni reallıqdan sonra Azərbaycan-İran münasibətləri də yeni müstəviyə yüksəlib. Əvvəlki müəyyən dövrlərdə zaman-zaman müşahidə olunan ritorika yoxdur, əksinə İran Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cənubi Zəngəzur dəhlizinin bir parçası olmaqla Bakının yaratdığı yeni reallığın bir hissəsinə çevrilməkdədir. Bilirsiniz ki, İran böyük dövlətdir və daxilində müxtəlif maraqları müdafiə edən fərqli siyasi görüşlərə malik qruplar var. Amma bizim üçün vacib olan İrandakı hansısa radikal siyasi, yaxud mürtəce kəsimin yox, İran dövlətinin mövqeyidir. Rəsmi Tehranın Azərbaycana münasibətdə beynəlxalq hüququn “ərazi bütövlüyü” və “dövlətlərin daxili işlərinə qarışmamaq” prinsiplərinə yanaşması bizim maraqlarımızı indiki halda təmin edir. Bir sözlə, zaman-zaman Arazın o tayından, bizimlə ortaq tarixə, dinə, hətta əhalisinin əksəriyyəti ilə ortaq dilə malik olduğumuz ölkədən müəyyən çağırışları eşitmək bizi narahat etsə də, əsas olan dövlətin rəsmi mövqeyidir ki, bu mövqe də bizi qane edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bölgənin yeni lokomotivi, güc mərkəzidir: “Bizimlə təhdid yox yalnız əməkdaşlıq dili ilə danışmaq mümkündür. Qonşularımız yaxın tarixdən bilir ki, cənab İlham Əliyev ləyaqətli siyasət tərəfdarıdır, yəni biz bir formada bəyanat verib, başqa formada icraatla məşğul deyilik. Xüsusən, İran dövləti yaxşı bilir ki, Azərbaycan üçüncü güclərə heç vaxt bizim ərazimizdən qonşu dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib. Bu mənada, son dövrlər Tehranla Bakı arasında əməkdaşlıq mühitinin daha da münbitləşməsi müşahidə olunur. Çünki İran hakimiyyətində də anlayırlar ki, Prezident İlham Əliyev bölgənin yeganə müzəffər lideri, müstəqil siyasət yürüdən, güclü, geniş əlaqələrə malik, müasir dünyanın bütün qütbləri tərəfindən qəbul edilən azsaylı qlobal səviyyəli siyasətçilərdən biridir və Azərbaycan rəhbəri ilə ritorika da bu kontekstə uyğun olmalıdır”.
B.Məhərrəmov son günlər İrana meyilli şəxslər tərəfindən din amilinin qabardılmasınada münasibət bildirib: “O ki qaldı Azərbaycanda son günlər yaradılan süni “din” gündəminə, Azərbaycan bütövlükdə islam dünyasında dövlət-din münasibətlərini həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuş azsaylı ölkələrdəndir. Tarixən Azərbaycanda dini ayrıseçkilik olmayıb. Xüsusən cənab İlham Əliyevin hakimiyyəti illərində dövlətin bu sferaya diqqət və qayğısı nəticəsində həm normativ sahədə qəbul edilən qərarlar, həm də əməli addımlarla dövlət-din münasibətləri ilə bağlı konstitusion hədəflərə tam nail olunub. Ölkənin bütün dini konfessiyalarının nümayəndələri açıq şəkildə öz razılıqlarını ifadə etməkdədirlər. Hazırda gündəm yaradanlar isə konkret mürtəce siyasi məqsədləri olan, müxtəlif dairələr tərəfindən maliyyələşdirilən adamlardır ki, onlarla bağlı hüquq mühafizə orqanları səviyyəsində qanuni addımlar atılıb. Bundan sonra da konstitusiya və qanunların tələbləri, o cümlədən milli maraqlarımız rəhbər tutularaq tədbirlər görüləcək. Həmin şəxslərə İranın müəyyən dairələrindən səslənən dəstəklərə gəlincə, bir daha qeyd edim ki, İran və Azərbaycan arasında beynəlxalq hüquqa uyğun münasibətlər mövcuddur və bu ölkədən hansısa “molla”nın sayıqlaması rəsmi Tehranın mövqeyini ifadə etmir”.