"Əhalisi 200 min nəfərdən çox olan Bərdə rayonunda kanalizasiya sistemi yoxdur"
Əhalisi 200 min nəfərdən çox olan Bərdə rayonunda kanalizasiya sistemi yoxdur.
Bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkil etdiyi “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağlrışlar” mövzusunda təşkil etdiyi dinləmədə deputat Fatma Yıldırım bildirib.
Fatma Yıldırım deyib ki, 2020-ci ildə dövlət qurumunun rəhbərləri ilə görüşdə bu məsələ qaldırılıb, lakin keçən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb: “Hazırda Bərdədə ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda yollara daşaraq dağılması bir çox yoluxucu xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda dövlət proqramına əsasən şəhid ailələri və məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmərtəbəli yaşayış komplekslərinin bünövrəsinə ciddi zərər verir. İnsanların sağlamlığına birmənalı təsir göstərən və gündəlik məişət probleminə çevrilmiş bu məsələnin mövcud olması yolverilməzdir və tezliklə aradan qaldırılması olduqca önəmlidir”.
APA