“Hakimiyyət bu şəxslərlə işləmək istəyir, amma qanun pozulur”
“Nədənsə, təsadüfdən hər üç Ramiz haqqında mənə müraciət olunur – Ramiz Mehdiyev, Ramiz Zeynalov və Ramiz Rzayev. Qanunda mübahisə yoxdur. Müqavilə əsasında səlahiyyət müddəti bitibsə, pensiya yaşları çatıbsa, deməli, mütləq pensiyaya çıxmalı, işdən azad olunmalıdırlar. Bu barədə qanunda hansısa boşluq yoxdur. Qanunu icra etmək lazımdır. Başımız çəkib. Məsələn, Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatsa da, vəzifəsinin icrasını davam etdirməsinə görə beynəlxalq təşkilatlar Azərbaycanın reytinqini A-dan B-yə salmışdılar. Buna görə də yaxşı olar ki, bir yolu tapılsın...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat bildirib ki, nə Ramiz Mehdiyev, nə Ramiz Zeynalov, nə də Ramiz Rzayevlə mənfi və ya şəxsi münasibəti var: “Yaxşı, pis, subyektiv fikir söyləmək istəmirəm. Sadəcə demək istəyirəm ki, dövlət, hakimiyyət bu adamlarla işləmək istəyir, amma digər tərəfdən qanun pozulur. Ona görə də zərurət varsa, qanuna düzəliş etmək lazımdır. Bu adamlar dəyərlidirlərsə, onların işləmələrinə ehtiyac varsa, işləsinlər. Nəyə görə ABŞ-da 80 yaşlı adamlar prezidentlik uğrunda savaşırlar, bizdə isə işləmək qabiliyyəti olan şəxslər belə tez - 68-70 yaşından pensiyaya göndərilməlidirlər? Hesab edirəm, bu, doğru deyil. İstər həkimlik, pedaqoji sahə, istər vəzifədə olan insanların işləmək qabiliyyəti varsa, onlara şans vermək lazımdır ki, işləsinlər, dövlətimizə, xalqımıza peşəkarlıqları ilə fayda versinlər. Elə insanlar var ki, 60 yaşında qocadır, amma eləsi var ki, 75 yaşında qıvraq olur. Ona görə də belə bir məhdudiyyətin hamıya aid edilməsini, qanunda nəzərdə tutulmasını xoşlamıram, açıq deyirəm. Qoy pensiyaya çıxırlarsa, çıxsınlar. Elə özümüzdən götürək. Biz deputatların pensiya yaşı çatsa da, işləməyə davam edirik. Doğrudur, Milli Məclis seçkili orqandır. Amma qabiliyyətimiz varsa, işləyiriksə, nə üçün qabiliyyəti olan başqaları işləməsinlər? Tək adını çəkdiyiniz şəxslərə deyil, iş qabiliyyəti olan insanlara imkanlar vermək lazımdır. Məsələn, siyasi partiyalarda da. Şəxsən Vəhdət Partiyasının sədri kimi acısını çəkirəm, birinci müavinimin 70 yaşı olub, onları məvacibli işlə təmin edə bilmirəm. Halbuki işləmək qabiliyyətləri, böyük enerjiləri var. Nə üçün müqavilə bağlayıb, işləməsinlər, fayda verməsinlər? Bu, daha doğru olardı”.
Qeyd: 85 yaşlı Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü, 70 yaşlı Ramiz Rzayev Ali Məhkəmənin sədri, 72 yaşlı Ramiz Zeynalov isə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.