Cəmiyyət 10 Mart 2023, 13:07 | Baxış sayı: 83
“Hacı Şahinin məzarının ziyarətgaha çevriləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır”

“Dini sahədə proseslər ciddi təhlil olunmalı, operativ qərarlar qəbul edilməlidir. Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daima insanlar arasında olmasıdır. O, davamlı olaraq Bakıda və bölgələrdə Vətən Müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edirdi. Sosial şəbəkələrdə olduqca fəal idi. Son günlər müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, dinimiz dini şəxsiyyətlərə pərəstişdə ifratda varmağın qəti əleyhinədir. İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

C.Məmmədov hesab edir ki, Hacı Şahinin məzarının ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır: “Bu fikirlər bir sıra dairələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur. Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq”.

Xəbərlər