Cəmiyyət 3 Mart 2023, 10:22 | Baxış sayı: 226
"Hacı Şahin uzun illərdən bəri dəfələrlə ürək şikayətləriylə həkimlərə müraciət edib"

Hacı Şahin Həsənlinin vaxtsız və qəfil vəfatı hər kəsi sarsıtmaqla bərabər, bir çoxlarında ölümün səbəbləri ilə bağlı şübhələr yaradıb.

Deputat, Tibb elmləri doktoru, Ürək və Damar Cərrahı Rəşad Mahmudov bir neçə dəqiqə öncə sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.

Demokrat.az xəbər verir ki, R.Mahmudov aşağıdakıları yazıb: “Hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər! Gec də olsa, yazmağa qərar verdim.

Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi həqiqətləri sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr gün-gündən artacaqdır.

Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrlə ürək şikayətləriylə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə gündüz saatlarında yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (KəskinKoronarSendrom) xəstəxanaya yatması bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə Troponin dəyəri normadan yüksək çıxıb”.

R.Mahmudov daha sonra əminliklə bildirib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, “gəlirəm” deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti azda olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir sui-istimal və s. var isə hadisəyə aydınlıq gətirəcəkdir.

Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm”.

Xəbərlər