Plenar iclaslar, Qanun Layihələri 14 Dekabr 2021, 17:07 | Baxış sayı: 350
“Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur".

“Əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq: “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.

Parlamentin Sədri Sahibə Qafarova bildirib ki, heç bir qanun burda gurultulu qəbul olunmur: “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.

Deputatların bir qismi spikerin çıxışını alqışlayıb.

S. Rüstəmxanlı isə onların bu hərəkətini tərbiyəsizlik kimi dəyərləndirib, yenidən çıxış üçün söz istəyib. Ancaq S. Rüstəmxanlıya yenidən çıxış etmək üçün şərait yaradılmayıb. Spiker Sahibə Qafarova isə S. Rüstəmxanlının bu hərəkətinə sərt reaksiya verib: “Sabir müəllim, xahiş edirəm sözlərinizə sərhəd qoyun, bura heç kim elə-belə yığışmayıb, hamı burda seçilən insanlardır”.

Xəbərlər