"Gün o gün olsun ki, Azərbaycan ərazisində olan rus hərbi kontingenti də bizim torpaqları tərk etməyə başlasın və biz də baxıb sevinək".
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəziləri hesab edir ki, Rusiya, doğrudan da, Qərbin təzyiqlərinə dözə bilmədiyi üçün Qazaxıstanı tərk edir. Məsələ burasındadır ki, KTMT qüvvələrinin ölkəyə daxil olması Qazaxıstan Prezidenti Tokayevin xahişi ilə baş tutub. Onlar da qərar verdilər və hərbi kontingentlərini Qazaxıstana göndərdilər. Yaxşı haldır ki, bu qüvvələr Qazaxıstan ərazisində daimi qalmaq fikrində olmadılar və ölkəni tərk etməyə başladılar. Qazaxların sağ əli bizim başımıza, gün o gün olsun ki, Azərbaycan ərazisində olan rus hərbi kontingenti də bizim torpaqları tərk etməyə başlasın və biz də baxıb sevinək”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, elə KTMT qüvvələrinin ölkəyə daxil olmasından cəmi iki gün sonra Tokayev vəziyyətin stabilləşdiyi və həmin kontingentin ölkədə qalmasına artıq ehtiyac olmadığı barədə informasiya verirdi: “Ona görə də həmin təşkilat Qazaxıstanı tərk etmək qərarını qəbul etdi. Sadəcə olaraq, Qazaxıstan özünün hüquq-müdafiə qüvvələri nəticəsində vəziyyəti nəzarətdə saxlaya bildiyi üçün KTMT-yə ehtiyac olmadı. Qərara əsasən, Qazaxıstanı əvvəlcə digər respublikaların, daha sonra isə Rusiyanın hərbi kontingenti tərk edəcək. Burada, əlbəttə ki, başqa amillərə də diqqət yetirmək olar. Misal üçün, məsələdə qazax xalqının iradəsini də nəzərə almaq lazımdır. Xalq bünövrədən KTMT qüvvələrinin ölkəyə çağırılmasını səhv hesab etdi, etiraza qalxdı. Yəqin, belə etirazlar da Qazaxıstan rəhbərliyi tərəfindən nəzərə alınıb. Qazaxıstan kimi kifayət qədər böyük bir dövlət danışıqlar yolu ilə daxili gücündən istifadə edərək bu məsələləri yoluna qoya bilərdi. Prezident Tokayev isə belə hesab etdi ki, əlavə qüvvələrə ehtiyac var. Bu da, əlbəttə ki, qazax xalqının heysiyyatına toxundu və toxunmalı idi”.