Siyasət 26 Yanvar 2023, 16:18 | Baxış sayı: 101
“Əgər demokratik seçkilər olmasaydı, müxalifətçi Erkin Qədirli deputat seçilə bilməzdi”

““Erkin Qədirlinin “bizdə demokratik seçki yoxdur” deməsi tamamilə səhv bir yanaşmadır. Bunu deməklə o, yalnız özünün yox, parlamentin bütün fəaliyyətinə kölgə salmış olur. Axı Milli Məclisə seçkilər günü yüz minlərlə insan seçki prosesində iştirak edib və öz namizədinə səs verib. Bu çıxış həmin insanların da hüquqlarını tapdalamaq deməkdir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Editor.az-a açıqlamasında deputat həmkarı Erkin Qədirlinin “Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur” fikrinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün parlamentdə kifayət qədər müxalifət partiyası var və onların hər biri seçki yolu ilə, öz dairələri üzrə seçicilərin səsini toplamaqla Milli Məclisdə təmsilçilik hüququ qazanıblar: “Erkin Qədirlinin bu açıqlaması həqiqəti əks etdirmir. Ümumiyyətlə, bu cür yanaşmaya nə ehtiyac var idi? Yəni bu cavabı verməklə nə düşünüb?

Artıq hamıya məlumdur ki, xüsusən də VI çağırış Milli Məclisin demək olar bütün deputatları aktiv formada fəaliyyət göstərirlər. İstər beynəlxalq müstəvidə, istər qanunvericilik sahəsində, istərsə də seçicilərlə iş prosesində… Müxalif partiyanın üzvünün bu formada açıqlama verməsi təkcə seçicilərin yox, elə deputat həmkarlarının da əməyinin, zəhmətinin yerə vurulmasına gətirib çıxarır. Yəqin ki, demokratik seçkilər olmasaydı müxalifət partiyasının üzvü olan Erkin Qədirli bu gün deputat kürsüsündə olmazdı. Нaxud da demokratiya olmasaydı, o bu cür açıqlama verə bilməzdi. Əgər YAP xalqın inamını doğruldubsa, əksər seçicilər Prezident İlham Əliyevi dəstəkləyirsə, bu sadəcə xalqın iradəsidir. Bu iradəni də saxtakarlıq adlandırmaq, sadəcə absurd bir yanaşmadır. Bir deputatın ifadə edəcəyi söz deyil”.

Xəbərlər