Siyasət 12 Dekabr 2022, 12:28 | Baxış sayı: 133
“Görünür, Rusiya Vardanyana çox böyük ümid bəsləyir, düşünür ki, onun vasitəsilə Qarabağda hansısa işləri yerinə yetirəcək…”

“Rusiya sülhməramlı kontingentinin addımı qanunsuzdur, bu, növbəti təxribat kimi qiymətləndirilməlidir. Həmin ərazilər Azərbaycan əraziləridir. Ona görə də bu məsələdə Azərbaycanın həssaslığı mütləq nəzərə alınmalıdır. İndiki halda ən önəmli məsələlərdən biri budur ki, Azərbaycan təhlükəsizliyini təmin etməlidir, bunun üçün hər cür şərait yaradılmalıdır. Rusiya sülhməramlılarının missiyası sülh yaratmaq, barışığı təmin etməkdir. Bacarmırlarsa, onda bunu özümüz edə bilərik...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə rus sülhməramlıları tərəfindən əngəl törədilməsi barədə danışarkən deyib.

 

Deputat bildirib ki, Rusiya hərbi kontingenti əvvəlcədən azərbaycanlılar üçün şərait yaradacaqlarına söz versələr də, yenə də ardından pozuculuq fəaliyyətini görürük: “Azərbaycanlıların ora getməsinin qarşısı alınır. Bundan əlavə, sülhməramlılar Vardanyanla bir yerdə iş birliyinə gedərək Qarabağda, hətta mitinq keçirilməsinə şərait yaradırlar. Bu, əlbəttə, birmənalı olaraq qəbuledilməzdir. Görünür, Rusiya Ruben Vardanyana çox böyük ümid bəsləyir, düşünür ki, onun vasitəsilə Qarabağda hansısa işləri yerinə yetirəcək. Suveren ərazilərimizdən bu cür istifadə olunması qəbuledilməzdir. Onlar nəzərə almalıdırlar ki, Azərbaycan buna heç vaxt imkan verməyib, verməyəcək. Təxribatlara son qoyulmalıdır. Azərbaycanın haqqı var ki, ərazilərini diqqətdə saxlasın, torpaqlarına sahib çıxsın. Hesab edirəm, sülhməramlıların bu addımları həm də Rusiya və Azərbaycan arasında imzalanmış sənədlərin ruhuna ziddir. Bu məqam da mütləq nəzərə alınmalıdır. Belə məsələlərdə tərəflərin üzərinə böyük bir məsuliyyət düşür. Bütün tərəflər elə etməlidirlər ki, bu cür hallar, qarşıdurmalar baş verməsin. Rusiya tərəfi də bunu diqqətə almalıdır…”

Xəbərlər