Cəmiyyət 9 Mart 2023, 14:46 | Baxış sayı: 126
“Gender bərabərliyi qorunmursa, bu, bir növ cəmiyyətin özünün yaşatdığı ənənədir”

“Ümumiyyətlə, hər kəsə məlumdur ki, hazırda Azərbaycan idarəçiliyində qadınlar da kifayət qədər təmsil olunur. Düşünürəm ki, bu sahədə ölkəmizdə dövlət səviyyəsində lazımi tədbirlər görülüb. Lakin hələ də məişətdə və cəmiyyətdə gender bərabərliyi qorunmursa, bu, bir növ cəmiyyətin özünün yaşatdığı ənənədir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli üçün hərtərəfli yanaşmalar və məqsədli tədbirlər həyata keçirilir. Bu tədbirlər davamlı olmalıdır. Cəmiyyətin bu sahədə ciddi maariflənməyə ehtiyacı var. Bu proses orta məktəbdən başlamalıdır”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov 8 Martda Bakının mərkəzində bir qrup feminist tərəfindən keçirilən aksiyada Azərbaycanda gender bərabərliyinin təmin edilməməsi barədə səslənən şüarlarla bağlı danışarkən deyib.

 

Deputat bildirib ki, hazırkı dövrdə gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur: “Düşünürəm ki, bu  problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə maneə olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır. Gender probleminin həll edilməsi məqsədilə Azərbaycanda sıra tədbirlər həyata keçirilməkdədir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxır. Dövlətimiz müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlər əldə edib.  Dövlətimiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Bu qəbildən bir çox fərman və sərəncamları qeyd edə bilərik”.

Xəbərlər