daxili siyasət 28 Noyabr 2022, 13:41 | Baxış sayı: 115
“Gah deyirlər, əxlaqsızlığı leqallaşdıraq, gah da deyirlər, kazinolar yaradılsın, o cür gəlirlər bizə lazım deyil”

“Yadınızdadırsa, müstəqilliyin ilk illərində Azərbaycanda kazinoların işləməsinə imkan verilmişdi. Müəyyən biabırçılıq yaşandı, “Avropa” otelində ortaya məsələ çıxdı. Bundan sonra qərara alındı ki, ən yüksək səviyyədə Azərbaycanda kazinoların olması məqəsədəuyğun deyil. Düzdür, kapitalizmdir, hər şey pula tabedir. Amma pul üçün də hər şeyi məhv etmək olmaz. Bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var. Belə şeylər bizə uyğun gəlmir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Qarabağda kazinoların açılması barədə irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.

 

Deputat xatırladıb ki, Cinayət Məcəlləsində qumarxanalarla bağlı xüsusi maddə var: “Buna görə məhkum edilənlər də olub. Qumarxana işlədənlər, parazit, tüfeyli həyatı sürənlər məsuliyyətə cəlb olunublar. Harınlamışlar üçün şərait yaradılmasına dəyməz. Mənəviyyatımız hər şeydən üstündür. Hər şeyimizi pul qazancına satmalı deyilik ki. Ağdam, ya da Azərbaycanın harasındasa kazino olması təklifinin qəti əleyhinəyəm. Ümumiyyətlə, bizə qumarxanalardan, kazinolardan gələn gəlir lazım deyil. Bunlar gələcəyimizi əlimizdən alırlar. Hərdən belə ideyalar ortaya atılır… Gah deyirlər, əxlaqsızlığı leqallaşdıraq, gah da deyirlər, kazinolar yaradılsın. Bu məsələni qurtarmaq lazımdır. Bu, Azərbaycan xalqının milli kökünə, milli adət-ənənəsinə zidd bir şeydir, qəti yol vermək olmaz. Buna qarşı mübarizə aparmaq lazımdır”.

Xəbərlər