“Fransanın qətnaməsi ilə Azərbaycana qarşı heç bir təhdid keçməz”
“Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi sənəd bir daha ermənipərəstliyini və erməni sifətini sübut etdi. Fransanın hətta İkinci Dünya müharibəsindən sonrakı tarixi keçmişinə nəzər salsaq, Afrikada yaşayan ayrı-ayrı xalqlara qarşı həyata keçirdiyi soyqırım və qətliamların şahidi olarıq. Ruandada yüzminlərlə insanın qətlə yetirilməsi, Əlcəzairdə 1 milyondan çox insanın soyqırımına, Sena soyqırımına görə Fransaya hələ də beynəlxalq məhkəmələr və təşkilatlar tərəfindən adekvat cavab verilməyib. Fransa Senatı və parlamenti tarixi keçmişlərindən xəcalət çəkmək əvəzinə belə qanunsuz və qərəzli qərar qəbul edirlər. Fransa Senatının qəbul etdiyi bu sənədin Azərbaycana heç bir təsiri ola bilməz, əksinə Fransa özünü biabır edir. Senat tərəfindən belə bir qətnamənin qəbul edilməsi gözlənilən idi. Sənəddə əksini tapan Azərbaycana qarşı sanksiya maddəsi ilə Fransa özünü gülünc hədəfinə çevirdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, əslində Fransanın Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün heç bir səlahiyyəti yoxdur:
“Bu qərar həqiqətən də acizlik əlamətidir. Fransa senatorları çox gözəl anlayırlar ki, cari ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində ən yüksək strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu, Fransanın daxil olduğu Avropa İttifaqının ən azı 10-dan çox ölkəsinin enerji təminatı deməkdir. Ona görə də Fransanın qətnaməsi ilə Azərbaycana qarşı heç bir təhdid keçməz. Bu sənəd sadəcə fransız senatorlarının erməni lobbisi və erməni diasporu tərəfindən maliyələşdiyini sübut edir”.
M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan dövlətinin kifayət qədər gücü var:
“Azərbaycan dövlətinin dünyada böyük nüfuz sahibi olan güclü lideri cənab Prezident İlham Əliyev heç kimin diktəsi ilə öz xarici siyasətini həyata keçirtmir. Möhtərəm Prezident tam müstəqil siyasət həyata keçirir. Gördüyü işlərin, atdığı addımların hansı məqsədə və ya hansı hədəfə yönəldiyini çox gözəl bilir. Fransa senatorları da yaxşı bilirlər ki, qəbul etdikləri bu gərəksiz sənədin heç bir maddəsinin Azərbaycanda keçərliliyi yoxdur. 30 il ərzində Azərbaycan Prezidenti, eləcə də Azərbaycan ictimaiyyəti tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə də Fransa qərəzli, qeyri-obyektiv və ermənipərəst münasibətlərinə görə tənqid edilib. Ancaq rəsmi Paris heç vaxt bu haqlı tənqidi qəbul etmirdi. Fransa dünyanın müxtəlif xalqlarına, xüsusilə də Afrika xalqlarına qarşı törətdiyi təcavüzkar, qətliam, soyqırım cinayətləri ilə tarixinin qara səhifəsini yazıb. Hesab edirəm ki, fransız xalqı öz tarixi keçmişinə görə daima xəcalət çəkəcək. Çox təəssüf ki, Fransanın bu imperialist siyasəti indi də bir sıra ölkələrdə davam edir”.